TURİZM

Hindistan aviaşirkəti gələn aydan Azərbaycana birbaşa uçuşlara başlayacaq

Hindistanın “IndiGo Airlines” şirkəti gələn aydan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsini planlaşdırır.

Dövlət Turizm Agentliyindən verilən xəbərə görə, bu barədə qurumun sədri Fuad Nağıyevlə Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan arasında keçirilən görüşdə məlumat verilib.

Tərəflər münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə Hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son dövrlərdə Hindistanlı turistlərin Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələlərini müzakirə edib.

Bu ilin I yarısında Hindistandan Azərbaycana 47 670 nəfərdən çox şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1.7 dəfə artım deməkdir.

Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur. Onlar ölkəmizə “Azərbaycan Hava Yolları” QSC-nin Delhi-Bakı-Delhi istiqamətində həyata keçirdiyi birbaşa uçuşlar vasitəsilə gələ bilirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)