Neftdə "Çin-Rusiya" balansı
Neft qiymətləri əvvəlki iki seansda enişdən sonra çərşənbə axşamı səhər orta səviyyədə yüksəlir. ENA.az xəbər verir ki, Çində artım proqnozu ilə bağlı mənfi siqnallara qarşı Rusiyanın neft ixracını azaltmaq planları neft bazarında qiymətlərin düz bir seyirdə qərarlaşmasına səbəb olub.
Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 9:20-ə 78,76 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 26 sent (0,23%) çoxdur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin kotirovkaları qeyd edilən vaxta görə 29 sent (0,39%) artaraq bir barelə görə 74,44 dollar təşkil edib.
Ardıcıl son iki seansda neft qırmızı rəngdə başa çatıb. Mənfi faktor kimi Çindən gələn statistik məlumatlar rol oynayıb ki, bu da Çinin ÜDM-nin yanvar-mart aylarında 4,5% artmasından sonra ikinci rübdə illik ifadədə 6,3% artdığını göstərir. Trading Economics tərəfindən sorğu edilən ekspertlərin konsensus proqnozu 7,3% artım gözləyirdi.
Bundan əlavə, azalmaya Liviyanın ötən həftə etirazlar səbəbindən hasilatın dayandırıldığı Əl-Şarara və Əl-Fil yataqlarında hasilatın bərpa olunması ilə bağlı xəbərlər səbəb olub.
Çərşənbə axşamı qiymətlər ABŞ-ın Energetika Nazirliyinin proqnozu ilə dəstəklənir ki, bu da avqustda ABŞ-da şist neft hasilatının sutkada 9,4 milyon barrelə enməsini nəzərdə tutur. Proqnoz özünü doğrultsa, hasilatın azalması ötən ilin dekabrından bəri ilk dəfə qeydə alınacaq.