Azərbaycana turist axını 44 % artıb
Bu ilin I yarısında Azərbaycana 181 ölkədən 918,8 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 43,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 32,9 %%-i Rusiya, 19,2 %-i Türkiyə, 7,7 %-i İran, 5,2 %-i Hindistan, 4,9 %-i Gürcüstan, 2,4 %-i Səudiyyə Ərəbistanı, hər birindən 2,3 % olmaqla Pakistan və Qazaxıstan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8 %-i Özbəkistan, hər birindən 1,5 % olmaqla Belarus və Ukrayna, 1,3 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Böyük Britaniya və Türkmənistan, 12,5 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72,2 %-ni kişilər, 27,8 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,2 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,1 dəfə, Belarusdan - 2,3 dəfə, Özbəkistandan - 2,2 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Rusiyadan - 1,9 dəfə, İsraildən - 1,6 dəfə, ABŞ-dan - 44,2 %, Küveytdən - 37,2 %, Gürcüstandan - 35,5 %, Böyük Britaniyadan - 34,6 %, BƏƏ-dən - 22,7 %, Pakistandan - 16,1 %, Türkiyədən - 15,9 % artmış, Səudiyyə Ərəbistanından gələnlərin sayı 23,6 %, İrandan - 14,9 %, Omandan - 9,9 %, Ukraynadan - 6,2 % azalıb.
Bundan başqa, il ərzində MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40 % artaraq 46,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,9 % azalaraq 134,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 %-i hava, 29,8 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.