Dövlət Xidmətindən sahibkarlıq subyektlərinə MÜRACİƏT
Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə standart nümunələrin və ölçmə vasitələrinin (cihaz, qurğu və avadanlıqların) idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.
Bu barədə Dövlət Xidmətinin sahibkarlıq subyektlərinə müraciətində bildirilir.
"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir.
Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi keçirilən sınaqların müsbət nəticələri əsasında təsdiq edilir və tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar Dövlət reyestrinə daxil edilir.
Dövlət reyestri daimi yenilənir və ictimaiyyətə açıqdır. Hüquqi və fiziki şəxslər hər hansı standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilib-edilməməsi barədə məlumatları Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun rəsmi internet saytının (//metrology.az) Dövlət reyestri bölməsindən əldə edə bilərlər.
Eyni zamanda hüquqi və fiziki şəxslər tipi təsdiq edilməmiş standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədilə Azərbaycan Metrologiya İnstitutuna (//metrology.az/index.php/component/sppagebuilder/83-elektron-m-raci-t) qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edə bilərlər", - deyə müraciətdə qeyd olunub.