Azərbaycan Mərkəzi Bankı: Manat möhkəmlənir
Azərbaycanda illik inflyasiya tempi azalmaqda davam edir. May ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınıb. ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Belə ki, hazırda illik inflyasiya 11.5%-dir. Bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4.1 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 12.7%-ə enib. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də qəbul edilmiş pul siyasəti qərarları illik inflyasiya tempini azaltmaqdadır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə ərzaq qiymətləri ötən ilin aprelindən başlayan azalma meylini davam etdirərək mayda aylıq 2.6% ucuzlaşıb. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən mayda aylıq əsasda əmtəə qiymətləri 8.6%, o cümlədən enerji qiymətləri 11.3%, qeyri-enerji qiymətləri 3.6% azalıb.
Tədiyə balansının profisitli olması valyuta bazarında da özünü göstərir. Cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98%-də tələb təklifdən az olmuşdur. 2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələmişdir. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olmuşdur. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 5 ayında isə 5.1% möhkəmlənib. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir.