Bank

Azərbaycan Beynəlxalq Bankı Rusiya-Ukrayna müharibəsindən zərər çəkib! – Təfərrüatları  

Rusiyanın investisiya qiymətli kağızları üzrə dəyərsizləşmə zərərləri və ədalətli dəyərin qiymətləndirilməsi 24 fevral 2022-ci il tarixində başlayan Rusiya-Ukrayna münaqişəsi Rusiya hökumətinə və şirkətlərinə qarşı bir sıra sanksiyaların tətbiq edilməsinə səbəb olub. Bu isə onların xarici kreditorlar qarşısında öhdəlikləri yerinə yetirmək imkanlarını məhdudlaşdırıb.

ENA.az xəbər verir ki, buna görə, Azərbaycan Beynəlxalq Bankı malik olduğu Rusiyanın investisiya qiymətli kağızları üzrə dəyərsizləşmə zərərləri və ədalətli dəyərin qiymətləndirilməsini təkrar nəzərdən keçirməli olub.

Belə ki, 31 dekabr 2022-ci il tarixinə Rusiyanın investisiya qiymətli kağızlarının ədalətli dəyəri və müvafiq GKZ müvafiq olaraq 68,123 min AZN (31 dekabr 2021-ci il: 143,757 min AZN) və 24,735 min AZN (31 dekabr 2021-ci il: 141 min AZN) təşkil edib.

31 dekabr 2022-ci il tarixində başa çatan il ərzində ABB müəyyən maliyyə alətlərini ədalətli dəyər iyerarxiyasının 1- i səviyyəsindən 2-ci və 3-cü səviyyələrinə köçürüb. 31 dekabr 2022-ci il tarixinə 2-ci və 3-cü səviyyələrə köçürülmüş ümumi aktivlərin dəyəri müvafiq olaraq 55,545 AZN və 9,965 AZN təşkil edib. Bu köçürmənin səbəbi Rusiya istiqrazlarının maliyyə bazarlarında həcminin və aktvliyinin kəskin azalması olub.

Rusiyada Azərbaycan Beynəlxalq Bankının tam mülkiyyətində olan törəmə müəssisə “ABB-Moskva” MMC fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə “ABB-Moskva” MMC-nin cəmi aktivləri 342,830 min AZN, öhdəlikləri isə 178,406 min AZN təşkil edib. Bankın “ABB-Moskva” MMC-də 32,465 min AZN məbləğində müxbir hesabı və 1,870 min AZN məbləğində depoziti olub. Həm hesabat tarixində, həm də bu konsolidasiya edilmiş maliyyə hesabatlarının buraxıldığı tarixdə qeyd edilən müxbir hesab və depozit hesabından vəsaitin konvertasiyası və çəkilməsi də daxil olmaqla istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb. ABŞ və Aİ-nin Rusiyanın ən iri şirkətlərinə qarşı tətbiq etdikləri sanksiyalar, eləcə də müharibənin iqtisadi və əməliyyat fəaliyyətinə təsiri Moskva birjasında ticarət fəaliyyətinin əhəmiyyətli dərəcədə pozulması və 31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə “ABB-Moskva” MMC-də saxlanılan müəyyən Rusiya şirkətlərinin borc qiymətli kağızlarının ədalətli dəyərinin azalması ilə nəticələnib. Münaqişə hələ də davam etdiyi üçün onun ümumilikdə Azərbaycan Beynəlxalq Bankı qrupunun işgüzar fəaliyyətinə təsirini tam şəkildə qiymətləndirmək mümkün deyil, çünki ümumilikdə iqtisadiyyata təsirin miqyası ilə bağlı qeyri-müəyyənliklər mövcuddur.

Qeyd edək ki, bu geniş miqyaslı sanksiyalar banklar, biznes, valyuta mübadilələri, bank köçürmələri, ixrac və idxal kimi sahələri hədəfə alıb. Münaqişə başlayandan bəri, Rusiyada və xüsusilə xarici bazarlarda Rusiyanın korporativ səhm və borc qiymətli kağızlarının dəyəri əhəmiyyətli dərəcədə aşağı düşüb. Sanksiyaların ağırlığına baxmayaraq, Rusiya iqtisadiyyatında bu günə qədər tənəzzül gözlənildiyindən daha aşağı olub. Bu, Rusiya üçün əsas gəlir mənbəyi olan neft və qaz qiymətlərinin artması ilə bağlıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)