Sara Maykl: “Qlobal iqtisadi artım zəifləyəcək və bu proses Azərbaycandan yan keçməyəcək”
Bu ilin II yarısında qlobal iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşlayacağı, zəif artımın 2024-cü ildə də davam edəcəyi proqnozlaşdırılır.
Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl təmsil etdiyi qurumun “Qlobal İqtisadi Perspektivlər” hesabatının təqdimatında, “Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri” adlı panel müzakirələrdə bildirib.
Onun sözlərinə görə, bu proses Azərbaycandan da yan keçməyəcək
“İnflyasiya təzyiqlərinin davam edəcəyi və sərt pul siyasətinin iqtisadi artıma daha da mənfi təsir göstərəcəyi gözlənilir. Biz gözləyirik ki, bu, inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan bazarlar, o cümlədən Azərbaycan üçün kifayət qədər çətin mühit təqdim etsin. Ötən il Azərbaycan hökuməti “2022-2026-cı illər üçün yeni Sosial-İqtisadi İnkişaf Strategiyası”nı qəbul edib. Bu sənəd iqtisadi artımı və sosial rifahı canlandırmaq, dayanıqlı etmək üçün çoxlu proqramları, investisiyaları və islahatları özündə əks etdirir. Strategiya ortamüddətli perspektivdə ÜDM-in illik 3-4 % artım tempini, o cümlədən qeyri-neft-qaz sektorunda 5 %-ə yaxın artımını hədəfləyir. Bu hədəflərə nail olmaq asan olmayacaq. Neft hasilatının azalması və əhalinin qocalması prosesə çətinləşdirici təsir göstərəcək. Qlobal miqyasda əks istiqamətə əsən küləklər və tendensiyalar, ehtimal ki, əlavə problemlər və qeyri-müəyyənliklər yaradacaq. Dünya Bankı lazımi proqramların həyata keçirilməsi üçün Azərbaycan hökumətinə hər bir dəstəyi göstərməyə hazırdır”, – deyə S.Maykl qeyd edib.