Qanunsuz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunub
Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunub.
Prezident İlham Əliyev bununla bağlı “Su təchizatı və tullantı suları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Dəyişiklik şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla su təchizatı şəbəkəsinə və kanalizasiya şəbəkəsinə) qoşulmasının qadağan edilməsinin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb.
Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilib.
Eyni məzmunlu dəyişikliklər “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara da olunub.