Gündəm

Ədliyyə Nazirliyinin şöbə rəisinə cinayət işi açıldı

Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi Əliyev Hafiz Əli oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

ENA.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, istintaqla Hafiz Əliyevin həmin vəzifədə işləyərkən 2019-cu ildə Bakı şəhəri ərazisindəki qəsəbələrdən birinə bələdiyyə sədri seçilməsinə köməklik göstərəcəyinə dair vətəndaşa yalan vəd verərək 90 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Hafiz Əliyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq dövründə vurulmuş maddi ziyandan 55 min manatın ödənilməsi təmin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)