Bu il qlobal aviasiya sənayesinin gəlirləri ilə bağlı proqnozlar yüksəldi
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2023-cü ildə qlobal hava nəqliyyatı sənayesinin xalis mənfəəti ilə bağlı proqnozunu 9,8 milyard dollara çatdırıb.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin dekabrında bu rəqəm 4,7 milyard dollar qiymətləndirilirdi.
Sonuncu dəfə sənaye COVID-2019-dan əvvəl müsbət maliyyə nəticəsi göstərib: xalis mənfəət 26,4 milyard dollar təşkil edib.2022-ci il üçün xalis zərər IATA tərəfindən əvvəllər 6,9 milyard dollar, 2021-ci ildə 42 milyard dollar, 2020-ci ildə 137,7 milyard dollar hesablanıb.
2023-cü ildə qlobal hava yollarının gəlirinin dekabr ayı üzrə 779 milyard dollar proqnozuna qarşı 803 milyard dollar, xalis mənfəət marjasının 1,2% (0,6%-ə qarşı) olacağı gözlənilir. 2019-cu ildə gəlir 838 milyard dollar səviyyəsində olub, gəlirlilik 3,1% təşkil edib.
Bu il sərnişin daşınması, yenilənmiş IATA proqnozuna görə, 4,35 milyard nəfərə çatacaq (dekabrda bu, 4,2 milyard proqnozlaşdırılırdı), bu, 4,54 milyard insanın daşındığı 2019-cu ilin yekunlarına yaxındır.
IATA-nın baş direktoru Villi Uolş "Xərc hissəsində bir qədər rahatlama var. Təyyarə yanacağının qiymətləri hələ də yüksək olsa da, ilin birinci yarısında aşağı düşüb. Orta hesabla, 2023-cü ildə təyyarə yanacağının bir barelinin 98,5 dollara başa gələcəyi və ümumi yanacağa xərclərin isə 215 milyard dollar olacağı gözlənilir",deyib.
IATA bütün qlobal hava trafikinin 80%-dən çoxunu həyata keçirən 300 aviaşirkəti birləşdirir.