Emin Ağalarov Bakıda “Burj al Arab” hotelinin analoqunu tikəcək
Azərbaycan əsilli rusiyalı iş adamı Xəzər dənizində, Bakı yaxınlığındakı süni adada layihə həyata keçirmək istəyir.
“Mənim məqsədim var – Dubaydakı “Burj al Arab”ın analoquna çevriləcək “Caspian Dream Liner” hotelini tikmək”, – Ağalarov bildirib.
Hazırda layihənin Azərbaycan hakimiyyəti ilə razılaşdırılması prosesi gedir.
Bakıda ümumi sahəsi 120 min kvadratmetr, dəyəri 230-250 milyon dollar olan hotelin tikintisi üç il çəkəcək.
“Burj al Arab” (“Ərəblərin Qülləsi”) — dünyanın ən lüks hotellərindən biridir. O, Dubaydan 15 km cənubda Ərəb dənizinin sahilində, Cümeyra rayonunda yerləşir (Birləşmiş Ərəb Əmirlikləri).
Tikintisi 1994-cü ildə Basra körfəzi yaxınlarında başlanan bu hotel 1 dekabr 1999-cu ildə qapılarını müştərilərinə açmışdır. Hotel dəniz sahilində əvvəldən böyük qaya bloklarının dənizə endirilməsiylə yaradılan bir adacıq üzərinə qurulmuşdur. Hotelin adı “Ərəb qülləsi” mənasını versə də, arxitektura baxımdan dənizdə üzən bir yelkəni xatırlatdığı üçün “Yelkən hotel” adlandırılır.