Dövlət əmlakının icarəsindən büdcəyə nə qədər vəsait daxil olub? - RƏY
Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və kənar dövlət maliyyə nəzarəti burada əlavə potensialın olduğunu deməyə imkan verir.
ENA.az xəbər verir ki, Hesablama Palatasının rəyinə görə, 2022-ci ildə dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 24,9 mln. manat daxil olub. Halbuki proqnoz 16 mln. manat idi. Beləliklə, plan 155,3% icra edilib. Bu 2021- ci il üzrə müvafiq göstəricidən 53,3% çoxdur.
CƏDVƏL
Qeyd etmək lazımdır ki, 2022-ci ildə dövlət əmlakının icarəyə verilməsi üzrə dövlət büdcəsinə nəzərdə tutulandan 8,9 mln. manat məbləğində artıq vəsaitin təmin edilməsi kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda daşınmaz dövlət əmlakının icarəyə verilməsindən və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindənformalaşıb. 2019-2021-ci illərdəki kimi, 2022-ci ildə də həmin mənbələrdən icarə haqqı üzrə böyük məbləğlərdə qalıq borcları mövcuddur. Belə ki, ƏMDX-nin Hesablama Palatasına təqdim etdiyi məlumata görə, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə qalıqlar, o cümlədən ödəmə vaxtı çatmış borclar 01.01.2019-cu il tarixə 4131,0 min manat, 01.01.2020-ci tarixə 3588,2 min manat, 01.01.2021-ci il tarixə 3311,8 min manat, 01.01.2022- ci il tarixə 3536,0 min manat və 01.01.2023-cü il tarixə 3603,4 min manat təşkil edib. 2022-ci ilin sonuna mövcud olan qalıqların 66,0 min manatı dövlət büdcəsindən maliyyələşdirilən, 1850,5 min manatı kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda daşınmaz dövlət əmlakının icarəyə verilməsindən, 1686,9 min manatı özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən alınıb.
Kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticəsi qeyri-yaşayış və torpaq sahələrinin rəqabətli əsaslarla icarəyə verilməsinin genişləndirilməsi, icarə haqlarının real bazar qiymətlərinə uyğunlaşdırılması və icarə haqqı borcları üzrə inzibati-təşkilatı tədbirlərin gücləndirilməsi ilə ödənişə cəlb olunması hesabına əlavə potensialın reallaşdırılması imkanlarının mövcudluğu qənaətinə gəlməyə əsas verib.