Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir
Yaponiya hakimiyyəti Xirosimada keçirilən G7 sammitindən sonra Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib. Bu barədə “Reuters” hökumətin bülleteninə istinadən məlumat yayıb.
Sənəddə deyilir: “Yaponiya Rusiyadakı 78 təşkilat və 17 fiziki şəxsin aktivlərini donduracaq və Rusiyanın 80 qurumuna, məsələn, hərbi əlaqəli tədqiqat laboratoriyalarına ixracı qadağan edəcək”.
Yaponiyanın baş naziri Fumio Kişida bir müddət əvvəl G7-yə üzv ölkələrin Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarəti gücləndirəcəklərini bildirmişdi. Onun sözlərinə görə, nəzarət tədbirləri gücləndirilməlidir ki, Rusiya tərəfi heç bir şəkildə sanksiyaların təsirindən yayınmasın.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Avropa İttifaqı (Aİ) Çində qeydiyyatdan keçmiş və Rusiyaya məhdudiyyətlərdən yan keçməyə kömək edən 8 şirkətə sanksiya tətbiq edəcək.