ABŞ borclarını ödəmə qabiliyyətini tükətmək riski ilə qarşı-qarşıyadır
ABŞ-da borc limiti məsələsi gündəmin əsas mövzusu olaraq qalır. Danışıqlarda problemin həllində irəliləyiş əldə olunmasa da, bir qrup Wall Street nümayəndəsi ABŞ-ın maliyyə naziri Canet Yellen-ə məktub göndərərək narahatlıqlarını ifadə ediblər.
ABŞ-da borc limitini artırmaqla defoltdan qaçmaq üçün geri sayım davam edir. ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Konqresdə Respublikaçıların nümayəndələri ilə görüşüb, lakin bu görüş nəticəsiz qalıb.
ABŞ Nümayəndələr Palatasının sədri Kevin Makkarti də daxil olmaqla respublikaçılarla görüşən Bayden danışıqları “məhsuldar” olaraq qiymətləndirib və qarşıdakı günlərin çox sıx danışıqlarla keçəcəyinə işarə edib.
ABŞ-ın maliyyə naziri Janet Yellen xəbərdarlıq edib ki, ölkə iyunun 1-dək bütün ödəniş öhdəliklərini yerinə yetirmək qabiliyyətini tükəndirmək riski ilə üzləşir.
Wall Street narahatdır
Wall Street-in ən təcrübəli fiqurlarından bəziləri ABŞ-ın defoltunun "ağılagəlməz" uzunmüddətli nəticələri barədə xəbərdarlıq edərək, borc limitinin həmişəlik aradan qaldırılmasının lazım ola biləcəyini iddia etdilər.
Goldman Sachs və JPMorgan rəsmilərinin daxil olduğu 17 üzvdən ibarət Xəzinədarlığın Borclanması Məsləhət Komitəsi Yellen-ə göndərdiyi məktubda, “Maliyyə öhdəliklərini yerinə yetirmək üçün alternativ bir üsul tapmaq, borc limitini aradan qaldırmaq lazımdır”, - deyə yazıb.
Bu arada, Goldman Sachs ABŞ fond investorlarına kəmiyyət fondlarının daxil olması və borc tavanı müzakirələri səbəbindən gələcək aylarda volatilliyin və qeyri-müəyyənliyin arta biləcəyi barədə xəbərdarlıq edib.