Məzuniyyəti hissələrə bölmək və haqqını fərqli şəkildə ödəmək olarmı?
İş adamlarını maraqlandıran məsələlərdən biri də məzuniyyətin hissələrə bölünməsi və bu zaman məzuniyyət haqqının ödənilməsi ilə bağlıdır. Mövzunu ENA.az-a “AZLIFT PRO” QSC-nin İnsan Resusrsları şöbəsinin rəhbəri Ramin Hacıyev şərh edib.
Məzuniyyətin hissələrə bölünməsi üzrə:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Bu zaman məzuniyyətin bölünmüş hissələrindən birinin müddətinin iki təqvim həftəsindən az olmaması şərti ilə razılığa gəlinir. Maddənin 1-ci hissəsinin şərtinə görə, əmək məzuniyyətinin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən, yəni 14 təqvim günündən az olmamalıdır.
Bəzən təcrübədə işçilər məzuniyyətin hissələrə bölünərkən iki təqvim həftəsindən az müddətə bölünərək istifadə edilməsi üçün müraciət edirlər. Bu isə mövcud qanunvericiliyin tələbinə ziddir.
Lakin Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” 132 saylı Konvensiyasının 8-ci maddəsinin 2-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyəti iki təqvim həftəsindən az müddətə də hissələrə bölünərək verilə bilər.
Məzuniyyət haqqının ödənilməsi üzrə:
Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Bu hal məzuniyyətə çıxan işçinin məzuniyyətdən daha səmərəli istifadə etməsinə kömək edir. Bəzi hallarda işçilər məzuniyyət haqqının əməkhaqqı ilə birlikdə ödənilməsini tələb edirlər. Belə olan halda Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələbini pozmamaq üçün işəgötürənlər işçilərin bu tələbini yerinə yetirə bilmir.
Lakin Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” 132 saylı Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndində işçi və işəgötürənin razılaşmasına əsasən məzuniyyətə görə ödənişin başqa vaxtlarda verilməsi müəyyən oluna bilər.
Məlumat üçün qeyd edim ki, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr də əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlardandır.
Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.
Qeyd edək ki, yuxarıda göstərilən hər iki hal üzrə işçi və işəgötürənin qarşılıqlı razılığı işçinin ərizəsinə əsasən deyil, kollektiv müqavilədə və ya əmək müqaviləsində Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” Konvensiyasının müvafiq maddələrinə istinad etməklə əlavə şərt qeyd edərək həyata keçirilə bilər.