Bank

Azərbaycan Beynəlxalq Bankı 3 milyardlıq aktivlərini niyə itirib? - SƏBƏBİNİ AMB sədri açıqladı

Maliyyə sisteminin tənzimləyicisi olan Azərbaycan Mərkəzi Bankı dövlət bankımız olan Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyə vəziyyətinə ciddi nəzarət edir. ABB-nin bu ilin birinci rübündə 3 milyard manat aktivlərini itirməsi də tənzimləyici tərəfindən təhlil edilib. 

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun ENA-ya açıqlamasına görə, əsas səbəb hüquqi şəxslərin hesablarındakı ciddi azalma ilə bağlıdır.

"Bu, yalnız hüquqi şəxslərin, dövlət təşkilatlarının büdcə ödənişləri və neft şirkətlərinin ödənişləri ilə bağlıdır. Bank sektorunda hüquqi şəxslərin hesablarında 3 milyard manatlıq azalma baş verib və bu azalmanın 2 milyard manatı və demək olar ki, əsas hissəsi Azərbaycan Beynəlxalq Bankının payına düşür".

Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyevin sözlərinə görə, azalma əsasən hüquqi şəxslərin tələbli depozitlər üzrə hesablarda qeydə alınıb.  

"Sözsüz ki, Azərbaycan dövlət bankı və sistem əhəmiyyətli bank kimi ABB-ini daim diqqət mərkəzimizdədir. Bu azalmanın hər hansı bir likvidlik və maliyyə sabitliyinə mənfi təsiri yoxdur". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)