Sığorta

Sığortada “kağız dövrü” bitir

Daşınmaz əmlakın icbari sığortası elektron sistemə keçir. May ayının sonuna qədər artıq bu sığorta növü üzrə kağız şəhadətnamələrdən imtina olunacaq.

ENA.az xəbər verir ki, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov jurnalistlər üçün keçirilən təlimdə belə bir açıqlama verib. Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər ümumiyyətlə sığorta şəhadətnamələrində kağız daşıyıcılardan imtina ediləcək. Yalnız yaşıl kart sistemində, hələ ki beynəlxalq sistemdə olduğu kimi “kağız dövrü” davam edəcək.

R.Əhmədov bildirib ki, may ayının sonuna kimi daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq: "Proses iyun ayına kimi uzana bilər. Artıq İcbari Sığorta Bürosunun sistemi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiya bitib. Ümumilikdə isə kağız sığorta şəhadətnamələri dövrünü ilin sonuna qədər bitirməyi planlaşdırırıq".

Qeyd edək ki, hazırda İSB-nin informasiya sistemlərinin istifadəçiləri qismində 14 qeyri-həyat və 5 həyat sığortaçısı fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)