Mərkəzi Bank milli valyutada əməliyyatları əks etdirən indeks açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı özünün rəsmi internet səhifəsində gündəlik əsasda təminatsız bazarda banklar arasında milli valyutada əməliyyatların orta çəkili faiz dərəcəsini əks etdirən müxtəlif müddətli AZIR (Azerbaijan Interbank Rate) indekslərini açıqlamağa başlayır.
Bu barədə Mərkəzi Bankdan bildirilir.
Bu indekslər Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Təminatsız Banklararası Pul Bazarında Bençmark Dərəcəsi (AZIR – Azerbaijan Interbank Rate) üzrə İndekslərin Hesablanması və Açıqlanması Qaydaları” əsasında hesablanır.
İndekslərin hesablanmasında “Bloomberg” ticarət platformasında Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları arasında milli valyutada bağlanan əqdlərdən istifadə edilir. Faiz indekslərilə yanaşı Mərkəzi Bankın internet səhifəsində müvafiq tələblərə cavab verən əqdlərin məbləği və sayı da açıqlanacaqdır.
“Mərkəzi Bank AZIR indekslərindən pul siyasətinin əməliyyat məqsədlərinə nail olmasının effektivliyinin ölçülməsi göstəricilərindən biri kimi istifadə edir. Bazar iştirakçıları maliyyə bazarında müxtəlif əqdlərin bağlanması zamanı AZIR indeksindən istinad faiz dərəcəsi kimi istifadə edə bilərlər”- deyə, tənzimləyici bildirib.