Azərbaycanın dövlət bankının aktivlərindəki 3 milyard azalmanın səbəbi nədir? – TƏHLİL
Bu ilin ilk üç ayında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivlərində 3 milyard manatdan yuxarı azalma baş verib. 2017-ci ildən bəri artımla müşahidə olunan bu göstəricinin 17,6% həcmində azalması maraqlı məsələdir və maliyyə sektoru üçün ən iri dövlət bankının vəziyyətinin olduqca önəmli olduğunu nəzərə alaraq ENA.az hesabatların təhlilini təqdim edir.
Ümid istehlak kreditlərinədir
Beləliklə, 2022-ci ilin sonuna aktivlərin həcmi 14 milyard 38 milyon manat idisə, 2023-cü ilin birinci rübünün sonuna 11 milyard 564 milyon 337,65 min manata düşüb. Azalmalarda əsasən bir neçə göstərici mühüm yer tutur, beləki, 1 milyard manat nağd vəsaitlərdə kiçilmə var. Bank başqa banklardakı 1 milyard manat depozitlərini geri çəkib, başqa maliyyə qurumlarına verdiyi kreditin həcmi də 1 milyard manat kiçilib.
Aktivlərin cəmi 31%-ni kredit portfeli tutur və qeyd edək ki, 40%-dən aşağı olanda artıq kreditləşmədə passiv bankçılıq kimi qiymətləndirilir. Bu ilin üç ayında bankın kredit portfeli 1,8% artıb və artım əsasən istehlak kreditlərinin hesabına baş verib. Ümumilikdə 3 milyard 594 milyon 831,58 min manat olan portfelin 33%-ni istehlak kreditləri tutur. Yanvar-mart aylarında istehlak kreditləri 7,7% artaraq 1 milyard 47 milyon 592,36 min manat olub. Biznes kreditləri isə əksinə 3,9% azalaraq 1 milyard 573 milyon 555,27 min manata düşüb. Daşınmaz əmlak krediti 5,8% artımla 973 milyon 683,95 min manat olub.
Hüquqi şəxslərin hesablarında ciddi azalma
Bankın öhdəliklərində baş verən azalmaların həcmi də az deyil. Bu ilin yanvar-mart aylarında öhdəliklər 20,6% azalaraq 9 milyard 851 milyon 133,39 min manata düşüb. Bu borcların 8 milyard 737,05 milyon manatı depozitarların payına düşür. Öhdəliklərin 88,7%-ni təşkil edən depozit portfelində bu ilin ilk üç ayında 17,7% azalma baş verib. Əhalinin əmanətləri ötən üç ayda 25 milyon manat azalaraq 1 milyard 882 milyon 267,92 min manata enib. Daha çox “ərimə” isə hüquqi şəxslərin depozitlərində qeydə alınıb - 2 milyard manat. Borc qiymətli kağızlarının 11 milyard manatını Bank geri alıb və beləliklə, öhdəliklərində əksini tapıb. Eyni zamanda Azərbaycan Mərkəzi Bankına olan 78 milyon 700 min manat həcmində borcunu da ödəyərək, sıfırlayıb.
Kapitalı artıb
Bankın kapitalı 1 milyard 713 milyon 204,26 min manat (artım 4,9%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 225 milyon 647,82 min manata (dəyişməyib) bərabərdir. Bankın məlumatına görə, 1 aprel 2023-cü il tarixinə ümumi bölüşdürülməmiş mənfəət 291 milyon 586,45 min manat (artım 38,1%) həcmində qiymətləndirilir. Məcmu kapitalı 1 milyard 575 milyon manatdır. Məcmu kapitalın adekvatlıq əmsalı yüksəkdir - 23,52%.
Faizlərdən gəlirləri yüksəlib
ABB birinci rübü 80 milyon 402,83 min manat məbləğində xalis mənfəətlə başa vurub, bu, 2022-ci ilin birinci rübü ilə müqayisədə 2,1 dəfə çoxdur. Bankın mənfəətində kredit faizlərindən əldə olunan gəlir daha yüksəkdir və xüsusən də istehlak kreditləri verməklə bank gəlirliyini təmin etməyə çalışır. Bankın faiz gəlirləri 192 milyon manat, faiz xərcləri 33 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri 38 milyon manat, qeyri-faiz xərcləri 70 milyon manat olub. Bank mümkün zərərlər üçün 106 milyon manat ehtiyat ayırıb, dövlətə isə 25 milyon 600 min manat vergi ödəyib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir: səhmlərin 96,37%-i dövlətə məxsusdur.
ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan başqa, bankın kapitalında 3,06% fiziki şəxslərə (minoritar səhmdarlara), 0,23% “Aqrarkredit” QSC-yə, 0,34% digər hüquqi şəxslərə məxsusdur.