Rəsmi

“Onlara “Prezidentin sizinlə görüşmək imkanı yoxdur” demək bizim üçün çətin idi”

Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov bu günlərdə Davosda keçirilmiş Dünya İqtisadi Forumunun əhəmiyyəti, onun Azərbaycan üçün faydaları, Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər barədə Azərbaycan televiziyasının “Həftə” proqramına müsahibə verib. 

BI” AzərTac-a istinadən həmin müsahibənin mətnini təqdim edir.

- Natiq müəllim, ötən həftənin ən mühüm hadisəsi Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri, səfər çərçivəsində keçirilən görüşlər oldu. Biz, ümumiyyətlə, bu görüşlərin əhəmiyyətinə ayrıca toxunacağıq. Amma istərdik ki, əvvəlcə budəfəki illik toplantının əhəmiyyəti, Azərbaycan üçün verdiyi və ya verəcəyi dividendlər barədə Sizin fikirlərinizi eşidək. Çünki bu Forum yalnız iqtisadi önəm kəsb etmir. Burada siyasi məsələlər, sosial, hətta ətraf mühit məsələləri müzakirə olunur. Ümumiyyətlə, illik toplantı Azərbaycan üçün nə ilə yadda qaldı və hansı dividendlərdən xəbər verir?

- Doğrudan da, ötən həftənin ən mühüm hadisəsi Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun Davos şəhərində keçirilən illik toplantısında iştirakı oldu. Bildiyiniz kimi, əsası Klaus Şvab tərəfindən 1971-ci ildə qoyulmuş Davos İqtisadi Forumu 1973-cü ilədək əsasən iqtisadi məsələlərin müzakirə olunduğu platforma kimi fəaliyyət göstərib. Bu il 49-cu dəfə keçirilən Dünya İqtisadi Forumuna 1973-cü ildən bəri siyasətçilərin də qoşulması ilə onun mahiyyəti və əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Hər il dünyanın 70-dən çox dövlət və hökumət başçısının, 150-dən çox dövlətin nümayəndəsinin, 1000-dən çox dünya əhəmiyyətli şirkətin, 3000-dən çox insanın iştirak etdiyi bu Forum dünyada qlobal miqyasda siyasi, iqtisadi, ətraf mühit, gender və dünyanın gələcək inkişafını müəyyənləşdirən bütün digər istiqamətlər üzrə sərbəst və inklüziv müzakirələri təşkil edən ən böyük platformadır. Əlbəttə, dövlətimizin başçısının bu Forumda iştirakı Azərbaycanın həm regional miqyasda, həm də dünya miqyasında artan rolunun və Prezident İlham Əliyevin şəxsinə yetirilən diqqətin bariz nümunəsidir. Prezidentimizin Forum çərçivəsində keçirdiyi görüşlər, orada səslənən fikirlər bunu deməyə əsas verir.

- Forumla bağlı bir çox mühüm məqamlar diqqəti cəlb edir. 49-cu Davos Dünya İqtisadi Forumunda müzakirə olunan əsas məsələlərdən biri, bəlkə də birincisi dollar ifadəsində dünyanın ən böyük layihəsi sayılan “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı sessiya idi. Dünyanın 70-ə yaxın ölkəsinin dövlət və hökumət başçılarından məhz Prezident İlham Əliyev həmin sessiyada iştirak ilə bağlı dəvət alır və ilk söz də Prezidentimizə verilir. Bu faktın özü nəyi deməyə əsas verir və hansı nüanslar bu reallığı ortaya qoyur?

- Maraqlı sualdır. Bu sualın cavabına keçməzdən əvvəl bildirim ki, Davos İqtisadi Forumu iki əsas istiqamətlə fərqlənir. Birincisi, bu İqtisadi Forum müstəqil platformadır. O, dünya trendlərini - həm siyasətdə, həm iqtisadiyyatda, həm də digər sahələrdə dünya trendlərini müəyyənləşdirən inklüziv bir platforma olmaqla yanaşı, ikitərəfli görüşlərin keçirilməsi, ən yaxşı təcrübənin paylaşılması və gələcək inkişaf üçün hər kəsin baxışlarını əks etdirən müzakirələrin aparılması üçün çox münbit şərait yaradır.

Davos İqtisadi Forumunun hər il əsas mövzusu olur. Bu il Forumun əsas mövzusu “Qloballaşma 4.0: Dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşması” idi. Keçirilən çoxsaylı görüşlərdə əsas mövzu məhz qloballaşma – dördüncü sənaye inqilabı şəraitində ölkələrin öz gələcəklərini müəyyənləşdirməsi üçün həm iqtisadi, həm siyasi, ətraf mühit və digər məsələləri özündə ehtiva edən bir siyasətin formalaşmasını təşkil etmək oldu.

Bir arayış təqdim edim: Prezidentin builki Davos səfəri onun ümumi say etibarilə 13-cü səfəri idi və bu 13 il ərzində Prezident İlham Əliyev 202 görüş keçirib (bu görüşlərin 55-i bilavasitə dövlət və hökumət başçıları ilə olub), 28 sessiyada iştirak edib, müxtəlif kütləvi informasiya vasitələrinə 9 dəfə müsahibə verib. Davosa builki səfəri çərçivəsində Azərbaycan Prezidenti 3-ü dövlət və hökumət başçıları ilə olmaqla, 19 görüş keçirib, Rusiyanın “Rossiya 1” və Çinin “China Global Television Network” telekanallarına müsahibələr verib, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib. Bu sessiya, demək olar, Davos İqtisadi Forumunun ən mühüm sessiyalarından biri idi. Çünki bu təşəbbüs dünyanın ümumi daxili məhsulunun 30 faizini, dünya əhalisinin 62 faizini təşkil edən bir coğrafiyanın Çin ilə siyasi-iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsini nəzərdə tutur.

Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan “Bir kəmər, bir yol” layihəsinə ən çox töhfə verən dövlətlərdən biridir. Qeyd edim ki, “Bir kəmər, bir yol” layihəsində “bir kəmər” dedikdə, Çindən dünyanın müxtəlif istiqamətlərinə gedən quru yolu nəzərdə tutulur və Azərbaycan da həmin yolun üzərində yerləşir. “Bir yol” isə Çini müxtəlif dövlətlərlə birləşdirən dəniz yollarını nəzərdə tutur. Azərbaycan Prezidentinin bu sessiyaya dəvət olunması və ilk sözün ona verilməsi təsadüfi deyildi. Çünki Azərbaycan azsaylı ölkələrdəndir ki, öz maliyyə gücü ilə infrastruktura əhəmiyyətli investisiyalar yatırmaqla, qitələrin birləşdirilməsində çox mühüm rol oynayır.

- Natiq müəllim, suallarımız kifayət qədər çoxdur, çünki Davosda çox önəmli görüşlər keçirildi, mühüm məsələlər müzakirə edildi. Ən əsası Azərbaycan növbəti dəfə qlobal platformada konkret layihələrlə təqdim olundu. Siz çox önəmli məqamlara toxundunuz ki, məhz bu layihələrin mövcudluğu supergüclərdə və önəmli təşkilatlarda bir dövlət kimi Azərbaycana maraq yaradır. Elə dövlətimizin başçısının keçirdiyi görüşlərdən biri də Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə oldu və həmin görüş əsnasında Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə Azərbaycan arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Ümumiyyətlə, Dördüncü Sənaye İnqilabı nədir? İstərdik bunun mahiyyətinə varaq. Dövlətimizin başçısının iştirakı ilə keçirilən bu görüşdə səslənən fikirlər, eləcə də bu sənaye inqilabının qarşıya qoyduğu əsas hədəflər nədən ibarətdir? Bu görüş Azərbaycana nə kimi dividendlər vəd edir?

- Bəli, xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Ələt qəsəbəsində Xəzər dənizinin ən böyük limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində infrastrukturun yaradılması və bütün bu infrastruktur layihələrinin Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü ilə, eyni zamanda, Azərbaycanın maliyyə vəsaitləri hesabına formalaşması, təbii ki, dünyanın diqqətini çəkən amillərdən idi. İlk baxışda kiçik görünən bu layihə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünyanın nəhəng ölkələrini və maliyyə institutlarını bu layihənin ətrafında birləşdirməyə imkan verdi. Yəni, əslində, Azərbaycan kiçik bir ölkə olsa da, dövlətimizin başçısının səyləri bunu bizim üçün bir fürsətə, imkana çevirdi ki, nəticədə, böyük ölkələr bu nəqliyyat habının ətrafında birləşməklə “Bir kəmər, bir yol” layihəsinə, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına öz töhfələrini verdilər.

- Ümumiyyətlə, müasir texnologiyalardan ən çox inkişaf etmiş ölkələr yararlanır. Ən yeni nanotexnologiyaları iqtisadiyyata iqtisadi baxımdan özünü doğrultmuş və büdcəsi buna imkan verən ölkələr cəlb edirlər. Hər ölkənin qarşıya qoyulan hədəfləri var. Siz də qeyd etdiniz – beşinci sənaye inqilabı, altıncı sənaye inqilabı – hər birinin öz hədəfləri var. Qarşıya qoyulan konkret tələblər var və hansı ölkə bu tələblərə cavab vermirsə, o zaman əlbəttə ki, həmin ölkə ilə danışıqlar aparılmır. Deməli, bu, artıq beynəlxalq miqyasda Azərbaycan iqtisadiyyatının inkişafına verilən dəstək və eləcə də bu inkişafın etiraf olunmasıdır. “Doing Business” hesabatında da Azərbaycan 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldi. Elə bu faktın özü də ölkəmizə olan marağı ifadə edir.

- Tamamilə doğrudur. Azərbaycan Prezidenti Davos İqtisadi Forumundakı çıxışlarında da bunu qeyd edib. Mən bir faktı da deyim ki, Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq etmək istəyən ölkələrin coğrafiyası həddindən artıq genişdir və hər bir ölkə San-Fransisko şəhərində öz təqdimatını, bu məsələlərə öz baxışını və dövlətin bu sahədə apardığı siyasəti təqdim edirdi. Bizim ölkəmizin də orada təqdimatı keçirildi. Bütövlükdə, dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlar həmin təqdimatın iştirakçıları tərəfindən çox yüksək dəyərləndirildi. Biz cənab İlham Əliyevin prezident olduğu son 15 ilə diqqət yetirsək, istənilən dövrdən 3 il, 5 il əvvəllə müqayisə aparsaq, hər 3-5 ildə çox əhəmiyyətli irəliləyişlərin baş verdiyinin şahidi olarıq. Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar, innovativ və digər həllər istiqamətində atdığı addımlar Azərbaycanın inkişafını, sözsüz ki, həm dayanıqlı, həm də davamlı edir.

Bu da qeyd etdiyiniz kimi, təbii ki, “Doing Business” hesabatında da öz əksini tapır. Bu məsələ dövlətimizin başçısının ikitərəfli görüşlərində xüsusilə vurğulanırdı. “Doing Business” hesabatında Azərbaycanın birdən-birə 32 pillə irəliləyərək 25-ci yerə çıxması iştirakçıların, demək olar, hamısı tərəfindən çox yüksək dəyərləndirilirdi. Dünya Bankı Qrupunun baş icraçı direktoru xanım Kristalina Georgiyeva cənab Prezidentlə görüşdə belə bir sıçrayışın “Doing Business” hesabatı tarixində bir ilk olduğunu söylədi. Burada bir haşiyəni qeyd edim. Azərbaycanın dövlət və hökumət qurumları “Doing Business” hesabatı ilə daim məşğul olurlar. Keçən il Prezident İlham Əliyev şəxsən özü “Doing Business” hesabatının metodologiyasına qədər maraqlandı, toplantılar keçirdi.

Bildiyiniz kimi, Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və müxtəlif qurumların 116 nümayəndəsi sistemli olaraq dövlətimizin başçısının tövsiyələri əsasında bu hesabat üzrə Azərbaycanın atmalı olduğu addımlar, eyni zamanda, həyata keçirməli olduğu islahatlar üzərində işləməyə başladı. Cənab Prezident o zaman qeyd edirdi ki, əgər biz hər hansı bir istiqamətdə irəli getmək istəyiriksə, bizim aydın baxışımız olmalıdır, proqramımız olmalıdır və onu həyata keçirəcək komandamız olmalıdır. Məhz dövlət başçısının bilavasitə iştirakı ilə, prosesi artıq özünün göstərdiyi istiqamətdə davam etdirməsi ilə, səmimi desəm, Azərbaycan bizim də gözləmədiyimiz bir səviyyədə irəliyə doğru mühüm addımlar atdı. Bu, görüşlərdə iştirakçıların hamısı tərəfindən qeyd olunurdu. Bu nəticələr Azərbaycana diqqət və marağı artırmaqda, eyni zamanda, investisiyalar gətirməkdə davam edir.

Ümumiyyətlə, qeyd edim ki, builki Davos Forumu daha çox texnologiyaların – dördüncü sənaye inqilabına aid olan texnologiyaların önə çıxması ilə əvvəlki illərdən fərqlənirdi. Siz tamamilə doğru dediniz ki, Prezident İlham Əliyevin Borge Brende ilə görüşündə Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlıq sazişinin mübadiləsi baş verib. Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq sazişi imzalamaqla iqamətgahı San-Fransisko şəhərində yerləşən bu qurumun rəsmi tərəfdaşına çevrilib. Məlumat üçün bildirim ki, bu günə qədər Dördüncü Sənaye İnqilabının rəsmi tərəfdaşları qismində Yaponiya, Amerika Birləşmiş Ştatları, Çin və Hindistan kimi nəhəng ölkələr çıxış edirdilər.

Odur ki, sual yarana bilər: bu nəhəng ölkələrdən sonra əhalisinin sayına, ərazisinə görə nisbətən kiçik olan ölkələrlə belə bir müqavilənin bağlanması və məhz Azərbaycanın seçilməsi nə ilə əlaqədardır? Qeyd etməliyəm ki, ilk növbədə, Azərbaycan ümumi daxili məhsulda sənayenin payına görə dünyada lider ölkələrdəndir. Yəni, dünyada çox az sayda ölkələr var ki, ümumi daxili məhsulda sənayenin payı Azərbaycandakı qədər yüksək olsun. Eyni zamanda, biz “Qlobal Rəqabətlilik Hesabatı”nda texnologiyaların insanlara əlçatanlığına, vətəndaşların rəqəmsal həllərdə iştirakına görə dünyada 15-ci yerdəyik. Azərbaycanın dövlət başçısının son illərdə xüsusilə informasiya texnologiyaları, innovativ həllər, rəqəmsal iqtisadiyyat sahəsində qərarları, fərmanları və real iqtisadiyyatda atılan addımlar, son illərdə aparılan islahatlar, təbii ki, Davos Dünya İqtisadi Forumunun, o cümlədən Dördüncü Sənaye İnqilabı Mərkəzinin də diqqətindən qaçmayıb.

Bilirsiniz ki, Azərbaycanda “Azexport.az”, Rəqəmsal Ticarət Qovşağı və digər bu kimi həllər mövcuddur və onlar Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə çox sıx əməkdaşlıq edirlər. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə nümayəndə heyəti San-Fransisko şəhərində Azərbaycanın rəqəmsal imkanları, Dördüncü Sənaye İnqilabına verə biləcəyi töhfələr və Azərbaycanın Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq imkanlarına dair təqdimat keçirərkən bütün bu məsələlər qiymətləndirilib, tərəfdaş kimi məhz Azərbaycan Respublikası seçilib. Dördüncü Sənaye İnqilabı artıq rəqəmsal iqtisadiyyata doğru atılan ən böyük addımdır. Davosda artıq Beşinci Sənaye İnqilabının ilk sədaları, ilkin istiqamətləri səslənir, bununla bağlı çox mühüm təqdimatlar keçirilirdi. Davosun builki formatının daha çox texnoloji istiqamətə yönəlməsi dövlətimizin başçısının görüşlərində və cənab Prezidentin şəxsinə olan maraqda da özünü bilavasitə əks etdirirdi.

- Azərbaycan Prezidenti çox önəmli şirkətlərin rəhbərləri, icraçı direktorları ilə görüşdü. Bu görüşlərə, məsələn, “Visa”, “CISCO” rəhbərləri ilə görüşlər aiddir. Həmin şirkətlərin qlobal miqyasda nüfuzu barədə nə demək olar? Bu şirkətlərlə əməkdaşlıq hansı perspektivlər vəd edir? Xüsusən nəzərə almaq lazımdır ki, həmin şirkətlərin rəhbərləri məhz özləri Azərbaycan Prezidenti ilə görüşə can atırdılar, bu görüşlər onların təşəbbüsü ilə keçirilirdi.

- Qeyd edim ki, təkcə həmin şirkət rəhbərləri ilə görüşlər deyil, ümumiyyətlə Davos şəhərində cənab Prezidentin keçirdiyi bütün görüşlər qarşı tərəflərin təşəbbüsü və müraciəti əsasında təşkil edilirdi. Davosda dövlətimizin başçısını müşayiət edən bir heyət üzvü kimi bizim qarşımızda duran ən böyük çətinlik cənab Prezidentin vaxt qrafikinin məhdud olması səbəbindən dünyada çox böyük hörmət, nüfuz sahibi olan şirkətlərə, siyasətçilərə “yox” demək idi. Yəni, həqiqətən onlara “cənab Prezidentin qrafiki məhduddur, sizinlə görüşmək imkanı yoxdur” demək bizim üçün olduqca çətin idi. Bəlkə də Azərbaycan nümayəndə heyəti yeganə nümayəndə heyəti idi ki, səhər saat 7-də bizim Prezidentin birinci görüşü olurdu. İştirakçılar səhər saat 7-də çatdıra bilmədiklərini deyəndə biz düşünürdük ki, cənab Prezident onlara iş qrafikinin gərginliyi ilə əlaqədar bir şərh, açıqlama verir. Amma o deyirdi ki, “bizim Vətənimizdə saat 10-dur və bizim üçün normal iş vaxtıdır. Kim bizimlə görüşmək istəyirsə, bu vaxt gəlməlidir”. Həqiqətən də Prezident İlham Əliyevlə görüşmək, onunla müzakirə aparmaq istəyən həm rəsmi dövlət nümayəndələrinin, həm də qlobal şirkət rəhbərlərinin sayı həddindən artıq çox idi və dövlətimizin başçısı vaxt məhdudiyyəti səbəbindən onların bəziləri ilə görüşə bilmədi.

Ümumilikdə, Davos görüşləri bu il əsasən iki istiqaməti əhatə edirdi. Birincisi, bilirsiniz ki, bizim ənənəvi neft sənayemiz, bu sahədə ənənəvi tərəfdaşlarımız var. Cənab Prezident də onların müraciəti əsasında, həm “BP” şirkətinin rəhbəri Robert Dadli, həm “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, həm “Total” şirkətinin rəhbəri, həm də keçmiş “Statoil” şirkətinin rəhbəri ilə – indi həmin şirkət “Equinor” adlanır – görüşlər keçirdi. Bu görüşlərdə Azərbaycanın neft strategiyası, Azərbaycanın yaxın gələcəkdə bu sahədə atacağı addımlar, bütövlükdə dünyada neft sənayesinin mövcud vəziyyəti və buradan irəli gələn məsələlər bizim ənənəvi tərəfdaşlarımızla müzakirə olunurdu. Dövlətimizin başçısının görüşləri sırasında qeyri-neft sektorunu təmsil edən şirkətlərin, xüsusən texnoloji şirkətlərin nümayəndələri ilə görüşləri xüsusi qeyd etmək lazımdır. İkinci istiqamət Prezident İlham Əliyevin keçirdiyi siyasi əhəmiyyətli görüşləri idi ki, bu sırada Borge Brende, eyni zamanda, İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer, Gürcüstanın Baş naziri Baxtadze və Ermənistanın Baş naziri ilə olan görüşləri qeyd edə bilərik.

Borge Brende ilə görüşü xüsusi vurğulamaq istərdim. Bu görüş əsas etibarilə regional iqtisadi siyasət və regionun ətrafında olan yaxın qonşuların iqtisadi münasibətləri, habelə siyasi münasibətləri ilə bağlı cənab Prezidentin baxışlarını və mövqeyini öyrənmək, eyni zamanda, tövsiyələrini eşitmək məqsədi daşıyırdı. Borge açıq-aydın vurğulayırdı ki, Azərbaycan son 10-15 ildə apardığı siyasət və islahatlar hesabına bölgənin tanınmış söz sahibinə, nüfuzlu dövlətə çevrilib. Artıq bu coğrafiyada Azərbaycanla müzakirə olunmadan, Azərbaycanın fikri, mövqeyi nəzərə alınmadan, demək olar ki, heç bir böyük iqtisadi layihə həyata keçirmək mümkün deyil. Borge Brende Orta Asiyanın və Çinin Avropa ilə birləşdirilməsini təmin edən nəhəng infrastruktur layihələrinin – buraya Ələt Dəniz Limanı, eləcə də Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərini özündə birləşdirən “Cənub Qaz Dəhlizi” layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr daxildir – mövcud durumu ilə maraqlanır və heyrətini açıq-aydın bildirirdi ki, bu layihələrin hamısı Prezident İlham Əliyevin təşəbbüsü və möhkəm iradəsi sayəsində mümkün olub.

Bu arada onu vurğulayım ki, Davos Dünya İqtisadi Forumunda rəsmi tədbirlərdən əlavə, kuluarlarda böyük şirkət rəhbərlərinin, siyasətçilərin adi söhbətlərində bir narahatlıq ifadə olunurdu. Onlar bildirirdilər ki, dünya Dördüncü Sənaye İnqilabı ərəfəsindədir və bu sənaye inqilabı artıq qloballaşma formasında bütün dövlətləri, şirkətləri, cəmiyyətləri əhatə etməkdədir. Eyni zamanda, onları dünyada baş verən siyasi proseslər narahat edirdi. Yəni, dünyanın hansı istiqamətə hərəkət etməsi, bir tərəfdən, dediyimiz kimi, dördüncü sənaye inqilabı, beşinci sənaye inqilabı, investisiya axını, iqtisadiyyatın və dövlətlərin, xalqların tərəqqisi, digər tərəfdən, dünyada yeni bir trend olan ticarət müharibələrinin, bir çox dünya ölkələrində sağ təmayüllü, radikal qüvvələrin meydana gəlməsi, bir çox regionların münaqişə girdabına yuvarlanması kimi hallar ilə bağlı həmin şirkət rəhbərlərində narahatlıq var idi. Maraqlı haldır ki, onlar öz təhlillərində dünyada bu kimi konfliktlərdən uzaq olan çox az dövlət tapa bilirdilər. Bu dövlətlər içərisində Azərbaycan xüsusilə seçilirdi. Demək olar ki, elə bir görüş yox idi ki, orada dövlətimizin başçısına “Siz bunu necə edirsiniz?” sualını verməsinlər. Bu sualı istər siyasətçilər, istərsə də şirkət rəhbərləri verirdilər: Yəni, bu, necə mümkün olur ki, çalxalanan dünyada, xüsusilə Sizin yerləşdiyiniz coğrafiyada - çox böyük siyasi gərginliyin, müharibə və çəkişmələrin hökm sürdüyü regionda, hətta özünüzə qarşı davamlı təhdidlərin olduğu, torpağınızın 20 faizinin işğal edildiyi bir şəraitdə Siz Azərbaycanı bir təhlükəsizlik, sabitlik adasına çevirə bilmisiniz? Dünyada bu problemlərlə yaşayan nəhəng ölkələrlə və qonşularınızla mehriban, qarşılıqlı əməkdaşlıq mühitini necə formalaşdıra bilmisiniz? Ən önəmli daha bir faktı qeyd edirdilər ki, bütün bu münasibətlər çərçivəsində Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqları ən yüksək səviyyədə qorunur. Həm kuluarlarda, həm də rəsmi görüşlərdə Prezident İlham Əliyevə bu sual mütləq verilirdi.

- Dünyanın ən böyük maliyyə qurumlarını nə maraqlandırır? Sabitlik. İnvestisiya hansı ölkəyə qoyulur? Sabitlik olan ölkəyə.

- Sabitlik mütləq şərtdir ki, investisiyalar gəlsin. Çünki investisiya ürkək olur. İnvestisiya özünə rahat, sabit, gələcəyi proqnozlaşdırıla bilən yerlər tapır. Bu görüşlərdə Prezidentimizə verilən suallardan biri də bu olurdu.

Borge ilə görüşdən sonra Prezident İlham Əliyev qeyri-neft sektoruna aid şirkətlərin nümayəndələri ilə görüşməyə başladı. İlk görüşlərdən biri Dünya Bankı Qrupunun icraçı direktoru Kristalina Georgiyeva ilə oldu. Xanım Georgiyeva Azərbaycan haqqında çox xoş sözlər dedi. Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatların onların gözləntilərini aşdığını və Azərbaycanın əldə etdiyi nailiyyətlərin doğrudan da dünya iqtisadi məkanı üçün bir nümunə olduğunu vurğuladı. O, yenidən “Doing Business” hesabatını qeyd edərək, Azərbaycanın uğurlarının bugünkü kəşməkəşli dünyada bilavasitə dövlət başçısının iradəsi hesabına baş verdiyini və bunun onlarda xüsusi sevinc yaratdığını bildirdi. Eyni zamanda, xanım Georgiyeva xatırlatdı ki, 20 il bundan əvvəl Azərbaycan Dünya Bankından yardım alan ölkələrdən biri idi. Həqiqətən də 1990-cı illərin sonlarında Dünya Bankı Azərbaycana müəyyən layihələrin həyata keçirilməsində kömək edirdi. O dövrdə dünyada bir çox ölkə Dünya Bankından yardım alırdı. Xanım Georgiyeva bizim bilmədiyimiz maraqlı bir faktı əlavə etdi ki, həmin çoxsaylı dövlətlərdən yalnız bir neçəsi öz iqtisadi müstəqilliyini təmin etmək üçün iqtisadiyyatlarını artıra bildi və bu gün Dünya Bankının yardımına ehtiyac olmadan ayaq üstündə duran dövlətlərə çevrildilər. O, bu ölkələrin sırasında Çini, Hindistanı, İndoneziyanı və Azərbaycanı xüsusilə qeyd etdi. Təklif etdi ki, Azərbaycan da Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə artıq dünyaya yardım edən bir dövlətə çevrilə bilər. Bu, dünyada nadir iqtisadi transformasiyalardandır ki, 20 il ərzində bir dövlət yardım alan dövlətdən donor dövlətə çevrilsin, özü investisiya yatırsın, Dünya Bankının xətti ilə həmin layihələrdə iştirak etsin. Kristalina Georgiyeva bildirdi ki, bu, Azərbaycanın əldə etdiyi uğurların dünya miqyasında tanınması, dünya tərəfindən qəbul edilməsi deməkdir.

Eyni zamanda, artıq Azərbaycanın Dünya Bankı Qrupuna daxil olan həm Beynəlxalq Maliyyə Korporasiyasında, həm də Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında öz səhmlərini hətta artırmasının vaxtı çatdığını, bununla Azərbaycanın Dünya Bankının investisiyalarında, qurumun həyata keçirdiyi siyasətdə rolunun artırılması zamanının gəldiyini bildirdi və Prezident İlham Əliyevdən bu proseslərə diqqət yetirməsini xahiş etdi.

Daha sonra dövlətimizin başçısı “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşdü. “CISCO” illik dövriyyəsi təqribən 50 milyard dollara yaxın olan nəhəng bir şirkətdir və 74 mindən çox əməkdaşı öz sıralarında birləşdirir. Bu şirkət texnoloji və rəqəmsal həllərin həm iqtisadiyyatın ayrı-ayrı sahələrində, həm də sosial həyatda tətbiqini təmin edən şirkətlərdən biridir. Çox səmimi və maraqlı atmosferdə keçən görüşdə xanım Elliott belə bir sual verdi. Dedi ki, mən bu sualı özümə ilk dəfə verirdim ki, uğur qazanılması üçün nələr lazımdır. Mən özlüyümdə belə qənaətə gəlmişəm ki, uğurun qazanılması üçün üç əsas prinsip lazımdır. Birincisi, bu uğuru təmin edəcək lider, ikincisi, bu liderin həm orta, həm də uzunmüddətli aydın və gələcəyə yönəlmiş baxışının, fəaliyyət proqramının, strategiyasının olması, üçüncüsü, həmin baxışları, strategiyanı həyata keçirəcək bir komandanı formalaşdırmaq bacarığının olmasıdır. O əlavə etdi ki, “cənab Prezident, mən bunların hər üçünü Sizdə görəndən sonra Azərbaycanın əldə etdiyi uğurların nəyə söykəndiyini bir daha müşahidə etmiş oldum”. Prezident İlham Əliyev də qarşılığında dedi ki, Azərbaycanın əldə etdiyi bütün uğurların, ümumiyyətlə Azərbaycanın dövlət siyasətinin mənbəyində xalq durur. Biz xalqa xidmət etməklə, bir siyasətçi olaraq xalqın mənafeyinə, rifahına xidmət etməklə xalqdan bu mandatı əldə etmişik və bizim əsas komandamız da Azərbaycan xalqıdır. Azərbaycan xalqı Azərbaycan iqtidarını dəstəkləyir, Azərbaycan Prezidentinin fəaliyyətini dəstəkləyir. Dövlətimizin başçısının siyasəti də bu istiqamətə yönəldilib.

- Natiq müəllim, keçirilən görüşlərdə diqqəti cəlb edən ən mühüm məqamlardan biri, Sizin də qeyd etdiyiniz kimi, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının və aparıcı şirkətlərin rəhbərlərinin Azərbaycanda bu gün aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər, infrastruktur quruculuğu və əldə olunan nəticələrlə bağlı səsləndirdiyi fikirlər idi. Yəni, bunu artıq biz demirik. Bu gün Azərbaycan haradan-haraya gəlib çıxıb, nə kimi inkişaf yolu keçib, bugünkü müasir Azərbaycanın inkişaf göstəriciləri necədir? Bunu dünyanın aparıcı şirkətləri və nüfuzlu dövlət xadimləri etiraf edirlər.

- Tamamilə doğrudur. “Visa” şirkəti cənab Prezidentlə görüş xahiş etmişdi. Bu şirkət plastik kart infrastrukturu və maliyyə xidmətləri sahəsində dünyanın ən nəhəng şirkətlərindən biridir. Şirkətin illik dövriyyəsi təqribən 25 milyard avroya yaxındır. Eyni zamanda, “Visa” öz sıralarında 16 mindən çox əməkdaşı birləşdirir. Şirkət Azərbaycanda da çox geniş kart şəbəkəsinə malikdir. Azərbaycanda mövcud olan bank kartlarının, kredit və debet kartlarının 46,5 faizi bu şirkətə məxsusdur. Ölkəmizdə bank sektorunun, maliyyə xidmətlərinin inkişafında “Visa” şirkətinin çox böyük rolu, əhəmiyyəti var. Şirkətin prezidenti Rayan MakInerni Prezident İlham Əliyevlə görüşdə bildirdi ki, əslində, bu il onun Davosa gəlməsinin kökündə cənab Prezidentlə görüş niyyəti var idi. O, “Doing Business” hesabatının nəticələri ilə tanış olandan sonra, sözün yaxşı mənasında, bir sevinc yaşadığını və onda bu qələbələrin müəllifi olan Azərbaycan Prezidenti ilə görüşmək arzusu yarandığını bildirdi. Qeyd etdi ki, Azərbaycan iqtisadiyyatını və cənab Prezidentin siyasətini təhlil edərkən Azərbaycanda rəqəmsal iqtisadiyyatın və ümumiyyətlə, Dördüncü Sənaye İnqilabından irəli gələn tələblərin çox geniş həll variantlarının və potensialın olduğunu, bu potensialın reallaşdırılması üçün çox yaxşı sabitliyin, maliyyə imkanlarının və ölkə Prezidentinin güclü iradəsinin mövcudluğunu gördü. Müzakirələr zamanı o, Azərbaycan iqtisadiyyatının transformasiyaya, rəqəmsal iqtisadiyyata, beşinci sənaye inqilabı istiqamətində həll variantlarının işlənilməsinə hazırlaşdığını qeyd etdi. MakInerni bildirdi ki, “Visa” şirkəti Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlarda, iqtisadi siyasətdə, layihələrdə iştirak etməyə hər zaman hazırdır və dəstəkləməkdə davam edəcək.
Bir məqamı da qeyd edim ki, bundan əvvəlki görüşdə “CISCO” şirkətinin nümayəndəsi Azərbaycan iqtisadiyyatının çox geniş təhlilini vermişdi. Çox maraqlıdır ki, o, öz təhlilində ölkəmizin ədliyyə və məhkəmə sistemində baş verən rəqəmsallaşmanı, burada elektron xidmətlərin, elektron məhkəmə sisteminin qurulmasını xüsusilə vurğulamışdı. Bir neçə gün əvvəl “İqtisadi azadlıq 2019” hesabatı dərc olundu və mən gördüm ki, “CISCO” şirkətinin vitse-prezidentinin söylədiyi fikirlər “İqtisadi azadlıq 2019” indeksində də öz əksini tapıb. Bu, tamamilə yeni dərc olunan indeksdir. Burada bizim mövqeyimiz birdən-birə 7 pillə irəliləyib. Bu irəliləyişin kökündə isə çox maraqlı faktorlar durur. Mən ölkəmizin hansı istiqamətlər üzrə irəlilədiyini müəyyən etmək üçün alt indikatorları təhlil etdim. Ən maraqlı cəhətlərdən biri odur ki, Azərbaycanın mövqeyi mülkiyyət hüquqlarının qorunması istiqaməti üzrə yüksəlib və ən böyük irəliləyişimiz məhkəmələrin səmərəliliyinin artırılması, eləcə də hökumətin bütövlüyü istiqamətindədir. Hökumətin bütövlüyünün ölçüsü onun xalqa verdiyi vədlər, həyata keçirdiyi siyasət və həmin siyasətin nə dərəcədə ardıcıl həyata keçirilməsidir. Bu indeks üzrə bizim mövqeyimizdə mühüm irəliləyiş olub. Hökumət xərcləri indeksində də mövqeyimiz irəliləyib və əlavə olaraq bildirirəm ki, bu indeksdə biz, nəhayət, investisiya azadlığı alt indikatoruna görə də irəliləyişə nail ola bilmişik.

- Natiq müəllim, bir qədər öncə də qeyd etdiniz ki, Azərbaycan Prezidenti Dünya İqtisadi Forumu çərçivəsində qlobal miqyasda nüfuzu ilə seçilən 15 şirkətin icraçı direktoru, rəhbər heyəti ilə görüşlər keçirib. Bu şirkətlər kifayət qədər nüfuzlu və beynəlxalq maliyyə sektorunda öz çəkisi ilə seçilən şirkətlərdir. Onlar bir çox başqa ölkələrə deyil, məhz Azərbaycana maraq göstərirlər. Bu şirkətlərin rəhbərləri Prezident İlham Əliyevlə görüşməyə can atır və Azərbaycanla iqtisadi münasibətləri, neft və qeyri-neft sektorunda əməkdaşlığı dərinləşdirməkdə maraqlıdırlar. Bu faktın özü bir çox mətləblərdən xəbər verir.

- Tamamilə doğrudur. Bu şirkətlər öz sahələri üzrə dünya iqtisadi məkanında drayver rolunda çıxış edən şirkətlərdir. Yəni, bu şirkətlər qaydalar müəyyənləşdirir, dünya iqtisadiyyatının öz sahələri üzrə istiqamətini müəyyənləşdirir. Buraya “Microsoft”, “CISCO”, “Visa” və digər innovativ şirkətləri aid etmək olar. Onların Azərbaycan Prezidentinin ətrafında toplaşmasının, dövlətimizin başçısı ilə görüşməyə hədsiz marağının əsasında onun həyata keçirdiyi iqtisadi siyasət durur. Bir qədər əvvəl dediyimiz kimi, Prezident İlham Əliyevlə onların çox isti və çox məhsuldar görüşləri oldu. Bütövlükdə, görüşlərin mahiyyətində Dördüncü Sənaye İnqilabından artıq beşinci sənaye inqilabına, “artificial intelligence”, yəni sənayedə süni intellektin dominant rol oynayacağı bir istiqamətə getməyimiz dayanır. Bu şirkətlərlə məsləhətləşmələrdə, bütövlükdə Azərbaycan Prezidentinin iştirak etdiyi müzakirələrdə belə bir qənaət hasil olurdu ki, artıq dövlətlər elmi dairələri, biznes və hökumət dairələrini və bu cür texnoloji şirkətləri bir yerə toplamaqla beşinci sənaye inqilabına, yəni, süni intellektin dominantlıq edəcəyi bir dövrə hazırlaşmağa istiqamət götürməlidir. Müzakirələr zamanı aydın olurdu ki, çox qısa bir müddətdən sonra, bəlkə 5-10 ildən, 15 ildən sonra bu gün bizim tanıdığımız, bildiyimiz peşələrin əksəriyyəti yoxa çıxacaq, onlara ehtiyac qalmayacaq. Bəs artan əhalini, artan iqtisadiyyatı, insanların rifah halını hansı yolla təmin etmək olar? Orada Prezident İlham Əliyev çox doğru olaraq vurğuladı və şirkət rəhbərləri tərəfindən də qeyd edildi ki, artıq insanları yeni peşələrə hazırlayan strategiyalar müəyyənləşdirilməlidir. Süni intellektin dominant rol oynayacağı dövrdə insanların peşəsini, ixtisasını necə dəyişəcəyi, öz əmək fəaliyyətini hansı şəraitdə davam etdirəcəyi istiqamətində indidən çalışmaq lazımdır.

Söhbətimizin əvvəlində dediyim kimi, Davos İqtisadi Forumunun builki toplantısında məhz süni intellekt dövrünə hazırlıq, Dördüncü Sənaye İnqilabının nəticəsi olan qloballaşmadan maksimum faydalanmaq və bütün bu mürəkkəblik, çağırışlar zəminində ölkələrin firavanlığını, sabitliyini, iqtisadi və siyasi təhlükəsizliyini qorumaq dövlətlər qarşısında duran ən böyük çağırış idi və Prezidentimizlə keçirilən görüşlərdə də bu məsələlər barədə ətraflı müzakirələr aparıldı. Bu şirkətlərin marağının kökündə duran ən mühüm məsələlərdən biri Azərbaycanın bütün iqtisadi göstəricilərinin müasir dünyada üstün və çox innovativ inkişafa meyilli olması idi. Bir faktı yenidən qeyd edim ki, “İqtisadi azadlıq 2019” indeksində Azərbaycan investisiyaların azadlığı alt indikatoruna görə də irəliləməyə nail olub və bu da “Doing Business” hesabatından, bu hesabat üzrə ölkəmizin göstəriciləri isə Prezident İlham Əliyevin apardığı siyasətdən irəli gəlir. “Doing Business” göstəricisinə görə bu gün biz bütün BRICS ölkələrini, Müstəqil Dövlətlər Birliyi ölkələrini, eləcə də bir çox Avropa ölkələrini qabaqlayırıq. Eyni zamanda, Azərbaycan dünyada cəmi üç-dörd ölkədən biridir ki, son 15-20 ildə adambaşına düşən sərvəti iki dəfədən çox artıra bilib. Bu nailiyyət dövlət və xalq, iqtidar və xalq birliyinin, vəhdətinin sayəsində əldə olunub. Prezidentimizə sual veriləndə ki, Siz bu sabitliyə necə nail olursunuz, dövlətimizin başçısı deyirdi ki, bizim fəaliyyətimizin kökündə Azərbaycan xalqı dayanır, onun rifahı və xoşbəxt yaşaması dayanır və biz də bütün fəaliyyətimizi xalqımızın firavanlığına, dövlətimizin sabitliyinə və inkişafına yönəldirik. Bu, bizim uğurlarımızın rəhnidir, bu, bizim uğurlarımızın kökündə duran əsas amildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)