Bank

Kapital Bank nə qədər biznes krediti verib? - HESABAT

Ölkənin ən böyük sosial bankı hesab edilən “Kapital Bank”ın kredit siyasətində pərakəndə biznesə üstünlük verməsi onun mənfəətini dəstəkləyən ən mühüm faktorlardan biridir.

ENA.az olaraq bankın balans hesabatına əsasən, ən mühüm göstəricilərini təqdim edirik. 2023-cü ilin I rübünün nəticələri göstərir ki, Bankın aktivləri bu ilin yanvar-mart aylarında 1,2% azalaraq 7 milyard 728,237 milyon manata düşüb. Azalma ticarət və investisiya kağızlarının satılması ilə bağlı olub. Beləki, ilin sonuna bankın 2 milyard 475 milyon manat həcmində portfeli, birinci rübün sonuna 2 milyard 60 milyon manata düşüb.

Aktivlərin 42%-ni kreditlər tutur və cəmi həcmi 3 milyard 225,007 milyon manatdır. Bu ilin üç ayında kredit portfelində 2,1% artım var. Hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% böyüyüb və 1 milyard 833,22 milyon manata çatıb. Biznes kreditləri üzrə portfeli 8,4% artımla 947,922 milyon manata yüksəlib.

Bankın öhdəliklərində ilk üç ayda 2,5% azalma qeydə alınıb və 6 milyard 821,711 milyon manat olub. Azalmaya səbəb hüquqi şəxslərin depozitlərində “ərimə”nin baş verməsidir.

“Kapital Bank”ın depozit portfeli 5 milyard 912,636 milyon manata (azalma 3%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 758,612 milyon manata (artım 7,1%) bərabərdir.

Bankın kapitalı 906,526 milyon manat (artım 9,7%), nizamnamə kapitalı 265,85 milyon manat (dəyişməyib), məcmu kapitalı 925 milyon manat təşkil edir.

2023-cü ilin I rübünün sonuna “Kapital Bank”ın xalis mənfəəti 83 milyon 519 min manatdır. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 65,7% çoxdur. Bankın əsasən kreditlərdən formalaşan faiz gəlirləri 166 milyon manat olub. Daha çox depozitlər üzrə ödənilən xərclər əsasında isə faiz xərcləri 23 milyon manata çatıb. Bankın qeyri-faiz gəlirləri 101 milyon, qeyri-faiz xərcləri isə 132 milyon manat təşkil edib. Bank ehtiyatlara 48 milyon manat ayırıb.

“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department