BİZNES

Sahib Ələkbərov: "Azərbaycanda sahibkarlar əvvəlki dövrlərə nisbətən daha şəffaf işləyirlər"

Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat vergi daxil olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8 % və ya 2,1 milyard manat çoxdur.

Bbunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.

S. Ələkbərov bildirib ki, Azərbaycanda sahibkarlar əvvəlki dövrlərə nisbətən daha şəffaf işləyirlər:

"Əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min artıb və cari ilin aprel ayının 1-nə 1 milyon 755,8 minə çatıb. Qeyri-neft/qaz sektorunun özəl bölməsində bu göstərici 298,1 min artaraq 838 min təşkil edib.

Muzdlu işçi sayının və əmək haqqı fondunun "ağarması" sayəsində təkcə cari ilin I rübündə məcburi dövlət sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9 % və ya 145,3 milyon manat artaraq 1 milyard 192,7 milyon manata çatıb".

Nazir müavini qeyd edib ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı artır və hazırda 720 mindən çoxdur:

"Onların böyük əksəriyyəti kiçik və orta biznes subyektləri olduğundan, bu təbəqədən olan sahibkarların inkişafına dövlət dəstəyinin göstərilməsi daim Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər dövlət qurumlarının diqqət mərkəzində saxlanılır.

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2022-ci ildə verilmiş güzəştli kreditlərində əhəmiyyətli hissəsi əsasən aqrar və sənaye sektorlarında çalışan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən il biznes subyektlərinə verilən 146 milyon manata yaxın kreditin layihə sayı üzrə 99,9 %-i, məbləğ üzrə isə 98,3 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim edilib. Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin 69,7 %-i regionlarda fəaliyyət göstərir".

S. Ələkbərov deyib ki, sənayeləşmənin əsas drayverlərindən olan sənaye zonalarının yaradılması qeyri-neft sənayesinin davamlı inkişafında, ölkə iqtisadiyyatının modernləşməsində və inklüziv iqtisadiyyatın formalaşmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də sahibkarlığın inkişafına göstərilən səmərəli dövlət dəstəyi tədbirlərindəndir:

"Hazırda ölkəmizdə sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Ötən il sənaye zonalarının ölkə üzrə qeyri-neft sənaye məhsullarının istehsalında xüsusi çəkisi 16,7 %, qeyri-neft sənaye məhsullarının ixracında payı isə 29,5 % olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac olunur. Bu günə qədər sənaye zonalarına yatırılan sərmayələrin ümumi həcmi 6,5 milyard manat təşkil edir və sənaye zonalarında 10 100-dən çox daimi iş yerləri açılıb. Yaxın gələcəkdə mövcud layihələr üzrə əlavə olaraq 600 milyon manatdan çox investisiyanın yatırılması və 4 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sumqayıt Sənaye Parkının rezidentləri bu günədək 7 milyard 366 milyon manat dəyərində məhsul istehsal edib, onun da 2 milyard 674 milyon manatlığı xaricə ixrac olunub. Təkcə 2022-ci ildə satış 2 milyard 711 milyon manat, ixrac 1 milyard 039 milyon manat olub".

Nazir müavini əlavə edib ki, Azərbaycanda 240 min hektar ərazini əhatə edən olan 51 aqroparkın inkişafı üzrə işlər davam etdirilir: "Aqroparklar ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, məşğulluq səviyyəsinin artırılmasında da önəmli rol oynayır. Hazırda aqroparklarda 4 600-dan çox insan daimi işlə təmin edilib, 5 200 nəfərdən çox insan isə mövsümi işlərə cəlb edilir. Gələcəkdə bu rəgəmlər daha da artacaq. Aqroparklarda hər hektardan məhsuldarlıq ölkə üzrə analoji sahələrdəkindən orta hesabla dəfə çoxdur".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)