Separatçılar Azərbaycan rəsmiləri ilə görüşmək üçün təklif göndərib
Qarabağdakı separatçı rejimin nümayəndələri Rusiya sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə görüşün keçirilməsi barədə təklif göndərib.
ENA.az xəbər verir ki, bu barədə ermənidilli KİV-lər separatçılara istinadən məlumat yayıb.
Məlumatda qeyd edilib ki, separatçılar Rusiya sülhməramlılarının komandanlığı vasitəsilə Azərbaycan tərəfi ilə təxirəsalınmaz humanitar məsələləri müzakirə etmək istəyirlər.
Lakin separatçılar görüşün Rusiya sülhməramlı kontingentinin dislokasiya yerində keçirməyi təklif edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası bir müddət öncə Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi ilə bağlı təklif irəli sürüb.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ilk görüş mart ayının 1-də Xocalıda keçirilmişdi.