Çin Yer kürəsi orbitində 13 000 ədəd peyk yerləşdirəcək
Çin genişzolaqlı internetin təmin olunması üçün Yer kürəsi orbitində fərdi telekommunikasiya peyklərinin istifadəyə verilməsinə hazırlaşır. Bu layihə çərçivəsində ilk peyklər Yer kürəsinin orbitinə bu ilin sonuna kimi göndəriləcək. Ümumilikdə isə telekommunikasiya peyklərindən ibarət olacaq bu qrupa 13 000 ədəd peyk daxil olacaq. Bu layihənin reallaşdırılması ilə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məşğul olacaq.
Məlumatda qeyd edilib ki, telekommunikasiya peyklərinin ilk partiyası Yer kürəsinin orbitinə Long March 5B raketi və Yuanzheng-2 adlı ikinci raket pilləsi vasitəsilə göndəriləcək. Nəticədə Çin SpaceX-in Starlink peyk interneti ilə rəqabət apara biləcək fərdi peyk internetini formalaşdırmağı planlaşdırır. Bu ilin sonuna kimi orbitə göndəriləcək birinci peyk partiyasına 30 ədəd peyk daxil olacaq. Məlumata əsasən son illərdə Çin kiçik ölçülü peyklərin hazırlanması məsələsində ciddi imkanlara sahib olub. Hazırki vəziyyətdə ölkə daxilində olan bir neçə müəssisə il ərzində yüzlərlə kosmik aparat istehsal edə bilər.