Bakının təhlükəsi İndoneziyadakı faciələrdən geri qalmır - Sürüşmə ilə bağlı SOS
Ötən günlərdə İndoneziyanın Mərkəzi Sulavesi əyalətində daşqın və sürüşmə nəticəsində azı 68 nəfər ölüb, daha 47-si yaralanıb. Ümumilikdə, dünyada sürüşmə zonalarında aktivlik müşahidə olunur. Səbəb kimi isə müxtəlif faktorlar önə çəkilir. O cümlədən məlum olduğu kimi, Bakıda da ötən ildən başlayaraq sürüşmə zonalarında aktivlik nəzərə çarpır. Mütəxəssislər sürüşmələrin səbəbi kimi ilk növbədə Bakıda kanalizasiya sisteminin bərbad vəziyyətdə olduğunu önə çəkirlər. İkinci bir faktor isə məişət suları ilə dolan göllərdir ki, bu da dolayısı ilə kanalizasiya sisteminin olmaması ilə bağlıdır. Bakıdakı sürüşmənin üçüncü səbəbi kimi yamacların satılması, insanların bu ərazilərdə evlər tikməsi göstərilir.
Mütəxəssislər bildirirlər ki, ildən-ilə Azərbaycanda sürüşmə sahələrinin sayı artır. 1980-ci ildə Azərbaycanda 100 yaşayış məntəqəsində sürüşmə qeydə alınırdısa, indi bu göstərici 400-ə yüksəlib.
Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir.
Mütəxəssislər ciddi çağırışlar edərək, Bakıda sürüşmənin böyük təhlükələrə yol aça biləcəyini söyləyirlər. Lakin hələ ki bütün bu çağırışlara baxmayaraq müvafiq qurumlar lazımi addımları atmırlar...
"Yeni Müsavat”a danışan Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirib ki, konkret olaraq İndoneziyada baş verən hadisələrin səbəbi fərqlidir. Orada da təhlükə var, lakin Bakının təhlükəsi heç də bu hadisələrdən geri qalmır: "İlk olaraq yerin altı ilə axan çaylar barəsində danışaq. Çox iddialar səslənir ki, Badamdarda yerin altı ilə çay axır. Məlum olduğu kimi Bayıl ərazisi aktiv sürüşmə zonasıdır və orada baş verən sürüşmənin nəticələri hər kəsə məlumdur. Xocasəndə olan kanalizasiya gölü hazırda bütün ərazini basıb. Sızma nəticəsində həmin ərazinin suyu çox yerə yayılıb. İndi bəzi mütəxəssislərin də çay adlandırdıqları məhz həmin gölün suyudur. Əvvəllər bu gölün suyunu dənizə buraxırdılar. Göldən dənizə çəkilən borular indiki Binə-Sədərək ticarət mərkəzlərinin ərazindən keçirdi. Hazırda həmin ərazilər qurudulub, ancaq suyun hara axdığı bilinmir. Dövlət proqramı hazırlanmalı, Bakının kanalizasiya problemi təcili şəkildə həll edilməlidir. Bunu gecikdirmək faciəvi sonluqla bitə bilər. Hazırda bütün sürüşmə zonalarında aktivliyin əsas səbəbi kanalizasiya sularıdır. Abşeronda yeraltı su yoxdur. Bundan sonra Xocasən ərazisində də sürüşmə baş verəcək. Orada da hündür ərazidə xeyli sayda tikili var və ərazinin də kanalizasiya xətti yoxdur. Bunu daha öncə də demişəm. Lakin hələ də məsələ ilə bağlı müvafiq qurumların reaksiyası yoxdur. Əhəmiyyətli qərar verilmir. Ona görə də proseslər davam edir. Bayıldakı vəziyyətlə bağlı araşdırma üçün yaponları çağırıblar. Deyirlər ki, aprel ayında yaponlar öz təklifini verəcəklər. Burada təklif çox sadədir. Su kəsilməli, yaşıllıq salınmalıdır. Başqa görüləcək iş yoxdur. Lakin məsələ kökündən həll olunmur axı”.
Əzim Məsimov bildirib ki, heç zaman Badamdar yaylasında sürüşmənin olması ilə bağlı məlumat yayılmayıb: "Sürüşmə indi əmələ gəlir. Bunun da səbəbi odur ki, on illərdir həmin əraziyə su verilir, kanalizasiya xətti də yoxdur. Yüz min kublarla ora su çöküb. Bakı da qaya üzərindədir və bu qayadan su süzülür, bir yerə yığılır. Həmin yerlərdə də sürüşmə yaranır. Abşeron yarımadasının sürüşüb, Xəzər dənizinə axacağını söyləmək, sadəcə olaraq, fantastikadır. Belə bir şey mümkün deyil. Sadəcə olaraq, su getdikcə çoxalıb, böyük açılmalara yol açır. Nəticədə də sürüşmə əmələ gəlir. Abşeronun su ilə dolması böyük fəlakətə gətirib çıxaracaq. Ona görə də konkret qərar qəbul edilməli, kanalizasiya sistemi qurulmalıdır. Bunu da edən yoxdur. Heç olmasa bu gün işə başlamalıdırlar ki, 20 ilə çəkib qurtara bilsinlər. Bu işə 13 milyard avro tələb olunur. Bu vəsaiti də gətirmək, işi görmək asan deyil. Eyni zamanda Bakıda Zığ ərazisi də böyük təhlükə mənbəyidir. Keçmişdə həmin ərazidə kərpic zavodu fəaliyyət göstərirdi. Kərpic zavodunu biz bağlatdırdıq və Qala tərəfdə yeni zavod tikməyə başladıq. Lakin oradakı boş ərazini doldurmaq əvəzinə, dedilər ki, burada göl yaradacağıq. Ancaq göl də yaratmayıb, bütün yamacı satdılar. İndi də sürüşmə başlayıb”.
Məlumat üçün qeyd edək ki, hazırda Bayıl yamacı "Teleqüllə” ətrafında olan sürüşmə zonasında və Badamdar yaylasında baş verən sürüşmənin səbəbləri araşdırılır. Bu proses demək olar ki, bir ildir davam edir. Lakin yekun rəy verilməyib, Bayılda köçürülən ailələr evlərinə qayıtmayıb. Həmin ailələrə digər yerlərdə yaşamaları üçün kirayə pulu da 1 aydır ki, verilmir. Buna görə də ailələr ciddi etiraza hazırlaşırlar.
Bakupost.az