Kür və Araz çaylarında suyu artırmaq üçün tədbirlər başladı - RƏSMİ AÇIQLAMA
Azərbaycanın su ilə təmin edən iki əsas su mənbəyi- Kür svə Araz çaylarında suyun səviyyəsinin kəskin enməsinin qarşısını almaq üçün tədbirlər başlayıb. Banker.az bu barədə Fed.az-a istinadən xəbər verir.
Sözügedən çaylarda suyun səviyyəsinin azalması su təchizatında çətinliklərə səbəb olur. Bunun qarşısını almaq üçün ölkə daxilində indiyədək toplanmış su ehtiyatlarından istifadəyə başlanılıb.
«Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» Səhmdar Cəmiyyətindən verilən məlumata görə, iqlim dəyişikliyi və məhdud su resursları şəraitində Kür çayının aşağı axarına digər çaylar üzrə daxilolmaların kritik səviyyədə azalması hesabına su təchizatında müəyyən çətinliklər müşahidə olunur. Bu çətinliklərin aradan qaldırılması məqsədilə martın 17-dən etibarən Mingəçevir su anbarından Kür çayına saniyədə 160 kubmetr, Yuxarı Qarabağ kanalına 80 kubmetr və Yuxarı Şirvan kanalına 50 kubmetr su buraxılmasına başlanılıb.
Qeyd edək ki, Mingəçevir su anbarından Kür çayına və sözügedən kanallara su ötən il də buraxılırdı, amma bu daha az həcmdə olurdu. ASC-də də bildirirlər ki, qeyd edilən su sərfləri mart ayı üçün xarakterik olmayan dərəcədə, yəni yüksək səviyyədədir. Belə ki, ötən ilin müvafiq dövründə Mingəçevir su anbarından Kür çayına saniyədə 90 kubmetr, Yuxarı Qarabağ kanalına 70 kubmetr və Yuxarı Şirvan kanalına 45 kubmetr su buraxılırdı.
Başqa sözlə, bu il Mingəçevirdən Kür çayına buraxılan suyun həcmi saniyədə 70 kubmetr və ya 80%, Yuxarı Qarabağ kanalına verilən su saniyədək 10 kubmetr və ya 14%, Yuxarı Şirvan kanalına verilən suyun həcmi isə saniyədə 5 kubmetr və ya 10% artırılıb.
Başqa sözlə, Mingəçevr su anbarıdakı su həcmindən sutkada 85 kubmetr daha çox istifadə edilməyə başlayıb.
Eyni tədbirlər Araz çayı üzrə də həyata keçirilir. «Meliorasiya və Su təsərrüfatı» ASC-dən verilən məlumata görə, su ehtiyatlarının kəskin şəkildə aşağı olması səbəbindən Araz çayından təmin edilən suvarma sahələrinin suya olan tələbatının ödənilməsi üçün Yuxarı Qarabağ kanalı vasitəsilə Araz çayı hövzəsinə – Bəhrəmtəpə hidroqovşağına saniyədə 22,4 kubmetr su transferinə başlanılıb.
«Beləliklə, ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində son bir neçə il ərzində yaradılmış ehtiyatlar hesabına Kür çayının aşağı axarında yaranmış çətinliklərin cari ilin suvarma mövsümündə operativ qaydada tam tənzimlənməsi nəzərdə tutulur»-deyə ASC-nin məlumatında bildirilir.
Hələlik bu tədbirlərin nə qədər davam edəcəyi, yəni Mingəçevir su anbarındaki ehtiyatlardan hansı müddətdə istifadə ediləcəyi məlum deyil – ASC bunu açıqlamayıb. Əvəzində ASC su istifadəçilərini yaranmış vəziyyəti nəzərə alaraq sudan səmərəli istifadəyə çağırıb.
«Ölkədə su ehtiyatları sahəsində gərgin şəraitin davam etdiyi bir zamanda qeyd edilənlərlə yanaşı su istifadəçiləri də öz öhdəliklərinə düşən, onlardan asılı olan məsələlərə məsuliyyətlə yanaşmalı, sudan qənaətli istifadə üçün bir sıra zəruri tədbirlər görməlidirlər»-deyə bildirilir.
ASC sudan istifadəçilərə tövsiyə edir ki, ilk növbədə selləmə suvarmasından imtina edərək suya qənaət edən suvarma üsullarından, habelə gecə suvarmasından istifadə etsinlər.
Bundan başqa, torpaqda aqrotexniki tədbirlər, hamarlama işləri, şırımların normalara uyğun açılması kimi tədbirlərdən istifadə etsinlər.
Eyni zamanda ASC sudan istifadəçilərə xatırladır ki, məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü üçün suvarma qrafiklərinə və sudan istifadə limitlərinə riayət etsinlər.