Gündəm

Bakı Şəhər İcra Hakimiyyətində qəzalı vəziyyətdə olan binalarla bağlı məsələ qaldırılıb

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Toplantıda yaz-yay mövsümünün başlanmasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub.

Görüşdə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovetlər dövründə tikilib və onların istismar müddəti başa çatıb. Söhbət əsasən “Xruşşovka” adlandırılan beş mərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilənir. Xüsusilə qeyd olunub ki, son 5 ildə Bakıda 1339 qəzalı bina sökülüb, on minlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb. Hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)