Sənaye

Azərbaycan ötən il Türkiyəyə 9 mlrd. kubmetrə yaxın qaz ixrac edib

Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709.98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1.3% azdır.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.

2022-ci ilin dekabr ayında Azərbaycandan Türkiyəyə 784.39 milyon kubmetr qaz ixrac edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4.96% çoxdur. Dekabr ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 13.5%-i Azərbaycanın payına düşüb.

Azərbaycan 2022-ci ilin dekabr ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pilləyə enib (noyabrda ikinci pillədə qərarlaşıb). Birinci pillədə 35.14%-lə Rusiya (noyabrda üçüncü pillə), ikinci pillədə 13.78%-lə İran, dördüncü pillədə 13.04%-lə Əlcəzair yer alıb.

Ötən ilin dekabr ayında Türkiyəyə 5 milyard 808.85 milyon kubmetr qaz (2021-ci ilin dekabr ayı ilə müqayisədə azalma 6.07%) ixrac edilib. 3 milyard 432.88 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 59.1%-i, azalma 6.44%), 2 milyard 375.98 milyon kubmetr (bütün ixracın 40.9%-i, azalma 5.53%) isə LNG-nin payına düşüb.

Dekabrda Türkiyəyə qaz ixracı 11 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair, ABŞ, İndoneziya, İspaniya, Qətər, Misir, Nigeriya, Trinidad və Tobaqo – LPG) həyata keçirilib.

Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.

2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir. Müqavilə üzrə 2022-ci il üçün nəql 2.55 milyard kubmetr, illik ixrac pik həddə 3.7 milyard kubmetr həcmində nəzərdə tutulub.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29.99%), LUKOIL (19.99%), TPAO (19%), SOCAR (14.35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC (6.67%).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)