Gündəm

Əcnəbilərə Azərbaycanda yaşamaq üçün icazənin verilməsi şərtləri dəyişir

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) halların dairəsi genişləndirilir.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Belə ki, qeyd olunan hallar sırasına aşağıdakı hallar da daxil edilir:

– Ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda

– Nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda

– Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda.

Həmçinin dəyişikliyə əsasən, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

Bu Məcəllənin 45.1.6-1-ci maddəsində nəzərdə tutulan nizamnamə kapitalı ilə bağlı, həmçinin bu Qeydin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)