BİZNES

Ağalarovların Bakıdakı şirkətləri adlarındakı “Crocus”u götürülər

Ağalarovların Bakıda fəaliyyətdə olan şirkətlərindən daha biri adını dəyişib və ana şirkətdən qaynaqlanan “Crocus”u adından götürüb.

Məlumata görə, “Crocus Plus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adını dəyişdirməklə “Restaurants Plus” MMC-yə çevrilib.

Bununla da, son 3 ayda Araz Ağalarovun Azərbaycandakı biznes budaqlarından üçü adındakı “Crocus” brendini götürmüş olub.

“Crocus Plus” MMC 2020-ci ilin noyabrında təsis edilib, onun qanuni təmsilçisi/ baş icraçı direktoru Zaur Darab-Zadədir. Z.Darab-Zadə 2021-ci ilin iyulundan bu vəzifəyə təyin edilib. O, bu vəzifədə Azərbaycandakı 4 “Crocus”a rəhbərlik etmiş Cəmilə Ağalarovanı əvəzləyib.

Bundan öncə Bakının Bilgəh qəsəbəsində tikinti aparan “Crocus Construction” MMC adını dəyişərək, “One Construction” MMC-yə, “Crocus Event Baku” MMC isə “Agalarov Event” MMC-yə çevriliblər. “Crocus Construction” Bilgəh və Nardaran qəsəbləri arasında dəniz sahilində rezort mənzillər inşa edir. “Sea Breeze Resort” adlanan ərazidə marketlər, müalicə və Anti-Aging Center, resepşn, məktəb, uşaq bağçası, çatdırılma xidmətləri, yaxtalar və qayıqlar üçün estakada və sair obyektlər var.

İş adamı Emin Ağalarov Rusiyanın “Hello!” kanalına verdiyi müsahibəsində Xəzər dənizində ada tikmək istədiyini bildirmişdi.

Azərbaycan əsilli milyarder Araz Ağalarovun əsas şirkəti “Crocus Group” Rusiya Federasiyasında fəaliyyətdədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)