Gündəm

Əməkhaqqı ödənilməyən işçi hansı addımı atmalıdır?

“Bəzən işəgötürənlər işçilərə müəyyən vədlər verərək, ay sonunda əmək haqqı ödəyəcəklərini, əmək müqaviləsi bağlayacaqlarını deyərək onları işə cəlb edirlər. Lakin vaxtı gəlib çatdıqda işəgötürən öz üzərinə düşən vəzifəni yerinə yetirmir, müqavilə bağlamır və nəticədə işçiyə ödənilməli olan əməkhaqqı ödənilmir. Əmək müqaviləsi olmadığı üçün də işçi gördüyü işin müqabilində öz haqqını tələb edə bilməyəcəyini düşünür. Lakin bu halda işçi ilk növbədə Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilər”.

ENA.az xəbər verir ki, bunu vəkil Araz Nurməmmədov deyib.

O bildirib ki, Dövlət Əmək Müfəttişliyi işçinin müraciətinə əsasən, onunla əmək müqaviləsi bağlanmamasını əsas götürərək işəgötürən barəsində İnzibati Xətalar Məcələsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edə bilər.

“Əvvəla onu deyim ki, əmək müqaviləsi bağlamaq dedikdə şəxsin digər şəxslə müqavilə bağlaması anını yox, əmək müqaviləsinin elektron qeydiyyatdan keçirilməsini nəzərdə tutmalıyıq. Çünki Əmək Məcəlləsində qeyd olunur ki, əmək müqaviləsi bildirişinin qeydiyyata alındığı andan tərəflərin artıq bir-birinə qarşı hüquqi vəzfələri formalaşmış olur. Yəni əmək müqaviləsinin bağlanması anı həmin bildirişin qeydiyyata alındığı andan hesablanır. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə gəlincə isə, bu zaman fiziki şəxslər üçün 1000 manatdan 2000 min manata qədər, vəzifəli şəxslər 3000 manatdan 5000 manata qədər, hüquqi şəxslər 20 min manatdan 25 min manata qədər cərimələr nəzərdə tutulur. Göründyü kimi, burada cərimələr kifayət qədər yüksəkdir. Hesab edirəm ki, cərimələrin yüksək olması təqdirəlayiqdir. Çünki burada işçinin əmək hüquqları pozulur. Onu da qeyd edim ki, qarşı tərəf də məhkəməyə müraciət edə və işçinin əmək haqqının ödənilməməsini onun işləməməsi, işə gəlməməsi, işdən yayınması ilə əlaqələndirə, bununla bağlı sübutlar təqdim edə bilər. Lakin əgər işəgötürənin haqsız olduğu sübut olunarsa, məhkəmə işçinin xeyrinə qərar çıxarır və təbii ki, bu halda işçinin əmək haqqı ödənilməlidir”, – deyə vəkil qeyd edib.(e-hüquq)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)