Qarabağ

Vardanyanın istefa verəcəyi xəbəri yayıldı

Qarabağ separatçıları arasında daxili böhranın dərinləşdiyi barədə dünən xəbər vermişdik. Ermənistan KİV-lərinin Xankəndidəki mənbələrə istinadən yaydığı məlumatlarda separatçıların başçısı Arayik Arutyunyanla qondarma “dövlət naziri” Ruben Vardanyanın son günlər yola getmədiyi bildirilir.

ENA.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, bir neçə gün öncə Rusiya sülhməramlılarının vasitəçiliyilə Qarabağdan Moskvaya gedən və hazırda da orada olan Ruben Vardanyanın tezliklə qondarma “dövlət naziri postu”ndan istefa verməsi gözlənilir.

Qeyd olunur ki, Vardanyandan əvvəl Moskvaya gedib-gələn Arayik Arutyunyanın Rusiyadakı himayədarlarından təminat aldığı barədə məlumatlar var.
 

“Xatırladaq ki, Azərbaycan tərəfi Laçın yolunun açılması müqabilində Vardanyanın istefasını tələb edir”, - deyə “Hraparak”ın Qarabağla bağlı məqaləsində bildirilib.

Nəşrin məlumatına görə, Vardanyan əvvəl Moskvaya gizli səfər edən Arayik Arutyunyan Xankəndiyə yüksək əhval-ruhiyyə ilə qayıdıb.
 

“Mənbəmiz deyir ki, Arayik Arutyunyanın Moskvada kifayət qədər yüksək səviyyəli görüşləri olub. İrəvanda Vladimir Putinlə görüşdən sonra Kremldə ona daha çox güvəniblər və demək olar ki, birbaşa mətnlə bildiriblər: əgər Vardanyan müdaxilə edirsə, onu işdən çıxar. Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyədə qayıtdığını bildirirlər. İndi Vardanyan Moskvada ona qarşı münasibətə aydınlıq gətirir. Ola bilsin ki, qayıdandan sonra vəziyyəti sakitləşdirmək üçün könüllü istefa versin”, - qəzet yazır.

Ermənistanın bəzi KİV-ləri hazırda Moskvada olan Ruben Vardanyanın bəlkə də heç Qarabağa qayıtmayacağını, istefa qərarını oradan elan edəcəyini qeyd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)