Sosial iqtisadiyyat

Çekdə bu məlumatlar yoxdursa ƏDV qaytarılmayacaq – RƏSMİ

Nəzarət-kassa aparatının çekində əks olunmalı məlumatlarda dəyişikliklər edilib.

ENA.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Nəzarət-kassa aparatının çekində aşağıdakı məlumatların əks olması tələb olunur, əks halda bu çeki təqdim edən satıcının məsuliyyətə cəlb edilməsinə səbəb olmaqla yanaşı, ödənilmiş ƏDV-nin alıcıya qaytarılmasından imtinaya əsas verir:

– vergi ödəyicisinin adı;
– VÖEN;
– çekin vurulmasının tarixi və saatı;
– təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
– malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği);
– cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi;
– nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
– nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);
– malın sürətli məlumat kodu (Quick Response Code);
– ödənilmiş məbləğ;
– avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ;
– müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə);
– nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
– ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı);
– çekin növü (satış, geri qaytarma və ya ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş);
– nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
– geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);

– nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
– yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.

Qeyd edək ki, yuxarıda sadalanan məlumatların əks olunmadığı çeklərin təqdim edilməsinə görə vergi ödəyicisinə
– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
– təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində
– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)