Nvidia-da rəhbərlik böhranı: Direktorlar Şurası təcili toplanır

Nvidia şirkətinin Direktorlar Şurası baş icraçı direktor Jensen Huang-ın vəzifədən kənarlaşdırılıb-kənarlaşdırılmaması ilə bağlı qərar vermək üçün toplanıb.
ENA.az xəbər verir ki, məsələ Huang-ın iki evlilikdənkənar münasibəti barədə yayılan məlumatlardan sonra gündəmə gəlib. “Wall Street Journal” nəşrinin məlumatına görə, şirkətin Direktorlar Şurası rəhbərin vəzifədən uzaqlaşdırılmasına hazırlaşır.
Reuters-in məsələ ilə tanış mənbəyə istinadən yaydığı məlumata görə, Şura noyabrın 11-də axşam saatlarında Huang-ın gələcəyini müzakirə etmək üçün iclas keçirib. Nvidia isə iclasla bağlı şərh sorğusuna dərhal cavab verməyib.
Şirkətin səhmləri “Wall Street Journal”ın məlumatından sonra birjadankənar ticarətdə 8%-dən çox ucuzlaşıb. Bu həftə Direktorlar Şurasının araşdırmaya başlaması barədə xəbər yayılandan bəri Nvidia-nın bazar dəyərinin təxminən 600 milyard dollar azaldığı bildirilir.
Huang-ın mümkün gedişi 4 trilyon dollara yaxın bazar dəyəri olan şirkətdə rəhbərlik boşluğu yarada bilər. O, 1993-cü ildə həmtəsisçilərindən biri olduğu Nvidia-ya 30 ildən artıqdır rəhbərlik edir. Hazırda şirkətdə onun yerini tuta biləcək açıq-aşkar varis olmadığı bildirilir.
Bloomberg-in məlumatına görə, Nvidia-nın Direktorlar Şurası mümkün namizədləri müəyyənləşdirmək üçün kənar şirkətlə əməkdaşlığa başlayıb. Analitiklər müvəqqəti rəhbər vəzifəsi üçün maliyyə direktoru Kolet Kressin, uzunmüddətli perspektivdə isə məlumat mərkəzləri biznesinə rəhbərlik edən İan Bakın adını çəkirlər.
Qalmaqal ABŞ kəşfiyyatının Nvidia çiplərinin Çin şirkətlərinə göndərilməsinə yardım etdiyi iddia olunan Alice Huang adlı iş qadını ilə bağlı araşdırmasından sonra başlayıb. Şirkətin Direktorlar Şurası Huang-ın xarici kəşfiyyat əməliyyatının hədəfinə çevrilib-çevrilmədiyini araşdırır.
Bundan əlavə, “The New York Times” Jensen Huang-ın şirkətin səhiyyə sahəsi üzrə vitse-prezidenti Kimberli Pauell ilə də münasibətdə olduğunu yazıb. Nəşr bu məlumatı şirkətin beş əməkdaşına istinadən yayıb. Reuters isə həmin iddianı müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.
Huang daha əvvəl əməkdaşlara ünvanladığı məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edərək məsuliyyəti üzərinə götürdüyünü açıqlamışdı.
Mənbə: Reuters, The Wall Street Journal, The New York Times











