Hesabatlar

Dövlətin bankı 2022-ci ildə borclarını qaytarmağa çalışıb - HESABAT

Ölkənin ən böyük dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2022-ci ildə də qalan “problemləri”ni həll etmək, borclarını bitirmək istiqamətində addımlarını davam etdirib. Bloklaşdırılmış vəsaitlərini və Azərbaycan Mərkəzi Bankı qarşısındakı borclarını azaltmaq, emissiya etdiyi borc qiymətli kağızlarını geri almaq üçün mövcud imkanlarından istifadə edib. İmkanlardan söz düşmüşkən, ABB 2022-ci ili 254 milyon 380 min manat mənfəətlə bitirib, bu isə bankın əsas səhmdarı kimi dövlətə böyük məbləğdə divident vəd edir.

Pullarını başqa banka yerləşdirib

Bankın ötən ilin 12 ayı üzrə hesabatına görə, aktivləri 22,2% artaraq 14 milyard 38 milyon 886,3 min manat olub. Aktivlərin yalnız 21%-ni kredit portfeli təşkil edir, bu isə əlbəttə çox aşağı göstəricidir. Ümumilikdə ötən bir ildə ABB-nin kredit portfeli 13,9% yüksəlib və 3 milyard 530 milyon 582,24 min manat təşkil edir.

Bankın istehlak kreditləri 24,9% artımla 972 milyon 708 min manat, biznes kreditləri 3,2% artımla 1 milyard 637 milyon 937,29 min manat, daşınmaz əmlak krediti 25,4% artımla 919 milyon 937 min manat olub. ABB nağd və bloklaşdırılmış vəsaitdən çıxartdığı 2 milyard 478 milyon manatın 1 milyard 676 milyon manatını qiymətli kağızlara yerləşdirib. Eyni zamanda, digər banklara yerləşdirdiyi depozitlərin həcmini 2 milyard 768 milyon manat artıraraq, hazırda 3 milyard 240 milyon manatını passiv şəkildə depozit faizlərində saxlayır.

Depozitlərdə rekord artım

Bankın öhdəlikləri 12 milyard 405 milyon 965 min manata (artım 23,5%) bərabərdir. Öhdəliklərin 83%-ni depozit portfeli təşkil edir.

2022-ci il dekabrın 31-nə ABB-nin depozitlərinin həcmi 28,6% artaraq 10 milyard 622 milyon 351,65 min manata çatıb. Ən böyük artım - 48,6% ilə əhalinin əmanətləri üzrə qeydə alınıb: 1 milyard 907 milyon 78,98 min manat. Hesabatda açıqlanmasa da, digər banklardakı kimi dövlət bankında da əhalinin tələbli pullarının həcmi yəqin artımda xüsusi paya malikdir.

248 milyon manatlıq borc kağızlarını ödəyib

Bank 2022-ci ildə bəzi borc və öhdəliklərini azaltmağa çalışıb. Hesabata əsasən, valyuta açıqlığını bağlamaq üçün Mərkəzi Bankdan aldığı 115 milyon manat borcun yarısını – 78 milyon 685 min manatını qaytarıb. Həmçinin buraxdığı borc qiymətli kağızları üzrə öhdəliyi 32,2% azalaraq 520 milyon manata düşüb, yəni bank 248 milyon manatlıq borc kağızlarını ödəyərək geri alıb. 

Bölüşdürülməmiş gəlir 3,4 dəfə artıb

Bankın kapitalı 1 milyard 632 milyon 921,3 min manat (artım 13,6%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 225 milyon 647,82 min manata (dəyişməyib) bərabərdir. Kapitalda 211 milyon manat bölüşdürülməmiş mənfəət (artım 3,4 dəfə) həcmində qiymətləndirilir, 196 milyon manat ümumi ehtiyatlar da əksini tapıb. Yerigəlmişkən, 2022-ci ilin əvvəlinə bankın 61 milyon manat bölüşdürülməmiş mənfəəti vardı, bu il üzrə ümumi mənfəət isə 254 milyon manatdır. Bu, 315 milyon manat deməkdir, hazırda isə 211 milyon manat vəsait hesabatda əskini tapır. 104 milyon manatın nəyə xərcləndiyini yəqin ki, pul hərəkəti haqqında hesabat dərc ediləndə daha dəqiq biləcəyik.

 

Mənfəəti artıb

ABB 2022-ci ili 254 milyon 379,52 min manat məbləğində xalis mənfəətlə başa vurub, bu 2021-ci illə müqayisədə 21,8% çoxdur. Bankın məlumatına görə, faiz gəlirləri 582 milyon 884.42 min manat, faiz xərcləri 91 milyon 756.14 min manat, qeyri-faiz gəlirləri 197 milyon 355.34 min manat, qeyri-faiz xərcləri 293 milyon 53.24 min manat təşkil edib. 79 milyon manat həcmində vergi ödəməsi həyata keçirib. 

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir: səhmlərin 96,37%-i dövlətə məxsusdur.

ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan başqa, bankın kapitalında 3,06% fiziki şəxslərə (minoritar səhmdarlara), 0,23% “Aqrarkredit” QSC-yə, 0,34% digər hüquqi şəxslərə məxsusdur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department