Sosial iqtisadiyyat

ASCO-nun istiqrazını niyə almağa dəyər?

Azərbaycanın istiqraz bazarında üçüncü ən böyük iştirakçı yenə dövlət şirkəti oldu. SOCAR, Azərgold və sırada – ASCO. Yerinə düşər xatırladaq ki, SOCAR və Azərgold hasilat sənayesi şirkətləridir, yəni şirkətlərdən biri neft, digəri isə qızıl çıxarılması ilə məşğuldurlar. ASCO isə xidmət sahəsində fəaliyyət göstərən bir şirkət kimi daha çox iqtisadi maraq diarəsindədir. 

Səhm deyil, istiqrazdır!
Artıq ASCO-nun 100 millyon dollarlıq istiqrazları rəsmi dövriyyədədir. Bir istiqrazın qiyməti 1 min dollardır, gəlirlilik illik 6%-dir, hər altı aydan bir ödənişi ala biləcəksiniz, müddət bitdikdən sonra isə yatırımınız sizə geri dönəcək. Əsas məsələ odur ki, qarşıdakı 5 il ərzində siz tam rahat risksiz bir yatırım edirsiniz. Çünki istiqraz səhm deyil, onun ucuzlaşması riski yoxdur və müddətin tamamında istiqrazı geri satırsınız. O da mümkündür ki, Azərbaycanın qiymətli kağızlar bazarı inkişaf edəcək (Mərkəzi Bank bununla bağlı hədəflərini açıqlayıb-red) və təkrar bazar formalaşsa, bu istiqrazlara tələbat artsa, siz həmin istiqrazı təkrar bazarda dəyərindən daha baha sata bilərsiniz. 

Sərfəlidirmi? 
Bugün bazardakı digər dollarla istiqrazlar maksimum illik 5% gəlir vəd edir. ASCO isə 6% marja qoyaraq daha yüksək gəlir təklif edir. Məlumdur ki, ölkəmizdə pul kütləsinin təmərküzləşməsi var, yəni bir neçə əldə böyük pullar var. Eyni zamanda, əvvəlki illərdə inflyasiya aşağı olduğundan əhalidə də müəyyən həcmdə yığılmış passiv pullar “balış altındadır”. Həmin vəsaitlərin dövriyyəyə cəlb edilməsi üçün istiqrazlar mühüm alət olacaq. Aydındır ki, istiqrazların alınmasında banklar və digər maliyyə qurumları daha aktiv olacaq, çünki bank sektorunda böyük likvid pullar toplanıb və həmin vəsaitlərin istiqrazlara yatırılması yaxşı variantlardan biridir. Sadəcə bank sektorundakı pulların çoxu qısamüddətli, 1 illik aktivlərdir. Müddətli əmanətləri banklardakı həcmi isə elədə böyük deyil. Buna baxmayaraq, əhalidən illik 1-3% ilə götürülən dolların illik 6% ilə istiqraza yerləşdirilməsi pis gəlir deyil. Bu istiqrazların geniş əhali kütləsi üçün sərfəli olub-olmadığına gəlincə, təbii ki, sərfəlidir. Razıyıq ki, istiqrazların nominal dəyəri 100 dollar olsa idi, daha geniş kütləni əhatə edərdi, amma 100 və 1000 dollara xidmətin həcmi baxımından götürsək, aydındır ki, qiymətli kağızı buraxan quruma iri nominal xidmət baxımından daha sərfəlidir. 
Yuxarıda qeyd etdiyimiz kimi, ölkədə risksiz yatırım mənbələri az olduğuna görə, dollarla 1-3%-ə əmanət qoymaqdansa, adi vətəndaşa da illik 6% ilə ASCO-nun istiqrazını almaq daha sərfəlidir. Unutmayaq ki, istiqraz ucuzlaşmır, batmır və faiz ödənişi hər 6 aydan bir həyata keçirilir.  

Bəs, bu yatırımlar nə qədər risksizdir? 
Özünü Avropa ilə Asiya arasında ən qısa körpü kimi tanıdan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti gələn il 165 yaşını qeyd edəcək. Müasir ASCO 2014-cü ildə mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb. Quruma nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmasının tərkibində 54 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana var. İxtisaslaşdırılmış donanma isə 204 gəmidən, o cümlədən 22 kran, 18 təchizat-yedək, 25 sərnişin, 2 borudüzən, 6 yanğınsöndürən, 5 mühəndis-geoloji, 10 dalğıc, 116 xidməti və köməkçi gəmi daxildir. Avropa – Qafqaz – Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir. Və qeyd etmək lazımdır ki, bu əsasda yüksək gəlir əldə edir.
Beynəlxalq hesabatlılıq qurumda 2014-cü ildən başlayıb və 9 illik bir müsbət tarixçə formalaşıb. 
"Mən demişdim ki, birinci il zərərlə çıxsaq olar, amma 2-ci il mütləq gəlirlə çıxmalıyıq. 2014-cü ildən mənfəətlə işləyirik. Bu gün uzun bir yolda bir addım atırıq", - deyə ASCO-nun rəhbəri Rauf Vəliyev bildirir.

ASCO sədrindən səhmdarlara ciddi mesajlar 
•    Siz borcu olmayan bir şirkətin qiymətli kağızını almağa dəvət olunursunuz
•    Siz davamlı olaraq 9 ili mənfəətlə başa vuran, illik mənfəət marjası 20% hədəfi olduğu halda, 30-35% marjası olan şirkətin istiqrazlarını almağa dəvət olunursunuz
•    Siz borclarının kapitala nisbəti 60% hədəfi qoyulan, bu gün həmin parametr üzrə göstəricisi 1%-dən aşağı olan bir şirkətin istiqrazlarını almağa dəvət olunursunuz
•    Siz qısa və uzunmüddətli borcların aktivlərə olan nisbəti 40% hədəf olduğu halda, 1-dən aşağı olan şirkətin istiqrazlarını almağa dəvət olunursunuz
•    Bu şirkəti bugünə gətirən bir komandası və fəaliyyətinə ciddi nəzarət edən müşahidə şurası var. 
•    Siz bizim qiymətli kağızların investoru olsanız əldə olunan vəsait, effektiv, şəffaf, gəlirliyi olan, riskləri minimum olan layihələrin icrasına sərf ediləcək və həmin layihələr üzrə bütün məlumatların A-dan Z-yə sizin üçün əlçatan olacağına əmin olun. Mən məsul şəxs kimi buna söz verirəm. 


Verəcəyiniz pullar hara xərclənəcək? 
Əslində bu da mühüm sualdır və ASCO sədri açıqlamalarında investorlara səsləndi ki, həmin vəsaitlər ciddi əsaslandırmalara malik layihələrin icrasına yönəldiləcək. Gəmiçilik yeni dəniz və okeanlarda xidmət arealını genişləndirmək, yeni gəmilərin inşaası, yeni bazarlara çıxış, yeni daşıma seqmentlərinə nail olmaq üçün ciddi işlərə başlayır. Görünür bu planlar o qədər böyükdür ki, qurum 100 milyon dollarlıq istiqrazdan əlavə 50 milyon dollar (əgər istiqrazlar bazarda yaxşı satılsa və tələb yaransa-red) həcmində qiymətli kağız buraxacaq. Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankından 100 milyon dollar kredit almaq üçün ilkin razılaşma əldə edilib. Vəsaitin dövlət zəmanəti olmadan birbaşa şirkətə verilməsini və borc üzrə faiz dərəcəsinin aşağı-yuxarı 5 faiz həcmində olmasını istəyir (6 faizə yerli bazardan vəsait əldə etmək alternativi ASCO-nu faiz diqtəsi baxımından yaxşı mövqeyə çıxarır). Yəni, bu da investor üçün bir müsbət siqnaldır. Demək, ASCO özünə əmindir və beynəlxalq maliyyə qurumu qarşısında belə bir tələb qoyması şirkətin ciddi planlarından, gəlirliliyi təmin edə biləcəyi ilə bağlı arxayınlığından xəbər verir. 

P.S. İstiqrazlara abunə yazılışı davam edir. Nə qədər maraq yüksək olacaq, bu mərhələdə artıq müəyyən fikir yürüdə biləcəyik.   
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department