Baş nazir Dövlət Komitəsinə 2 ay vaxt verdi – Sərəncam
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılması ilə bağlı təklif hazırlamalıdır.
"BI" xəbər verir ki, bununla əlaqədar baş nazir Novruz Məmmədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 28 dekabr 2018-ci il tarixli fərmanına əsasən, Nazirlər Kabineti Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına yönəlmiş təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Baş nazirin imzaladığı sərəncama əsasən isə bu təkliflərin hazırlanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.