Bank

Azərbaycanda vaxtı keçmiş kreditlərin rəsmi payı açıqlandı

Azərbaycanın banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 2022-ci ilin yanvar-noyabr aylarında 18,1% artaraq 20 milyard 218,69 milyon manata çatıb.

Təkcə noyabrda bankların kredit portfeli 1% və ya 203,4 milyon manat artıb.

Noyabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 641,27 milyon manat və ya bütün kreditlərin 3,2%-ini təşkil edir. Hesabat dövründə vaxtı keşmiş kreditlərin həcmi 10,9% azalıb.

30 noyabr 2022-ci il tarixinə dövlət payı olan banklar 3 milyard 898,4 milyon manat (artım 17 faiz) və ya bütün kreditlərin 19,3 faizi, özəl banklar 15 milyard 775,76 milyon manat (artım 18,4 faiz) və ya kreditlər verib. Bütün kreditlərin 78%-i özəl bankların payına düşür. Yerdə qalan 544,5 milyon manat (artım 18,2%) bank olmayan kredit təşkilatlarına məxsusdur.

Noyabrın sonuna verilən kreditlərin ümumi həcminin 15 milyard 993,27 milyon manatı (artım 26 faiz) milli valyutada, 4 milyard 225,4 milyon manatı (azalma 4,5 faiz) xarici valyutada verilən kreditlərin payına düşüb. Bununla yanaşı, noyabrın sonuna xarici valyutada olan kreditlərin xüsusi çəkisi 20,9% təşkil edir. 2021-ci ilin sonunda isə bu göstərici 25,8% idi. 

Bankların və BOKT-lərin kredit qoyuluşlarının strukturuna əsasən, ticarət və xidmət sahələrinə 3 milyard 340,3 milyon manat (bütün kreditlərin 16,5 faizi), mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı 658,1 milyon manat (3,3 faiz), kənd/meşə təsərrüfatı və balıqçılıq - 622,3 milyon manat (3,1%), tikinti və daşınmaz əmlak - 1 milyard 141,6 milyon manat (5,6%), sənaye və emal sektorunda - 1 milyard 62,59 milyon manat (5,3%), nəqliyyat və rabitə - 801,45 milyon manat (4%), ev təsərrüfatları üçün - 11 milyard 135 milyon manat (55,1%) kredit verilib, qalanı isə digər sahələr üzrədir.

Eyni zamanda, bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli bu ilin yanvar-noyabr aylarında 29,4% artıb. Təkcə noyabrda artım 1,7% və ya 185,1 mln. manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)