Sənaye

Britaniya şirkəti Qarabağdakı biznes hüquqlarının bərpası üçün beynəlxalq qurumlardan dəstək istədi

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin Qarabağdakı biznes fəaliyyəti və hazırda başqaları tərəfindən istismar edilən yataqların üzərindəki mədən hüquqları ilə bağlı beynəlxalq təşkilatlara və xarici dövlətlərə məktub ünvanlayıb.

Müraciət BMT, ABŞ Dövlət Departamenti, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və Avropa İttifaqı daxil olmaqla bir sıra beynəlxalq təşkilatın və hökumətin yüksək səviyyəli nümayəndələrinə ünvanlanıb.

Məlumata görə, şirkət bu qurumlardan öz qanuni biznes hüquqlarının bərpasına və işçilərinə “Qızılbulaq” və “Dəmirli” mədənlərinə və Qarabağda ətraf ərazilərə təhlükəsiz çıxışın təmin edilməsinə dəstək göstərilməsini istəyib.

Qeyd olunur ki, 2006-cı ildə də “Anglo Asian” şirkəti bu hökumət strukturlarının hər birinə öz mülkiyyət üstünlüyünün təsdiqlənməsi ilə bağlı bənzər məktublar ünvanlayıb.

Azərbaycandakı əsas aktivlərindən əlavə, “Anglo Asian Mining” Qarabağda iki kontrakt əraziyə - “Qızılbulaq” mis-qızıl yatağı və “Dəmirli” mis-molibden yatağına qanuni hüquqa sahibdir.

Bu kontrakt ərazilər Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə yerləşsə də, şirkət bəyan edir ki, erməni şirkətləri bu ərazilərdə qanunsuz istismarı davam etdirirlər.

Şirkət Azərbaycanda 31 dekabr 2021-ci il tarixinə olan məlumata görə 64 610 unsiya qızıl ekvivalenti istehsal edib.

2022-ci ilin iyulun 5-də Azərbaycan Milli Məclisi Şirkətin “Hasilatın Pay Bölgüsü” Sazişinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər şirkətə Qarabağda mis-profir yatağı da daxil olmaqla ümumi sahəsi 882 kv. kilometr olan əlavə konsessiya verib. Sovet dövründə yatağın 300 min tondan çox ehtiyatının olduğu qiymətləndirilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)