Qarabağ

Baş katib: "Xankəndi-Laçın yolundakı vəziyyətin KTMT-yə aidiyyəti yoxdur"

“Laçın yolu ilə bağlı məsələnin həlli KTMT-nin məsuliyyət dairəsindən kənardır”.

Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas Rusiya KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ermənistandan da heç bir müraciət daxil olmayıb: “Ona görə də bu məsələnin KTMT-nin məsuliyyət dairəsinə daxil olmadığı mövqeyindən çıxış edirik”.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)