Turbulentlik nəticəsində təyyarədə 36 nəfər yaralanıb
ABŞ-ın Feniks şəhərindən Havay adalarına uçan təyyarənin göyərtəsində yaranan turbulentlik nəticəsində 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Associated Press agentliyi yazır ki, Honolulu təcili tibbi yardım xidməti yaralanan 11 nəfərin vəziyyətinin ağır, 9-nun stabil olduğunu bildirib. Zərərçəkənlərdə kəllə-beyin yaraları, kəsiklər, göyərmələr, huşunu itirmələr qeydə alınıb.
Havay Hava Yollarının məlumatına görə, hadisə zamanı təyyarənin göyərtəsində 278 sərnişin və on ekipaj üzvü olub.