Sabah 174 güzəştli mənzil satışa çıxarılırr - Müraciət edənlərin 98 faizi ala bilməyəcək
Sabah - yanvarın 25-də Yasamal Yaşayış Kompleksində yerləşən 174 sosial mənzil satışa çıxarılmalıdır. Elektron satış saat 11:00-da başlayacaq və fevral 8-də eyni saatda başa çatacaq. Birinci satışda olduğu kimi, bu dəfə də “ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək.
Bu barədə iqtisadçı Vüqar Bayramov özünün facebook səhifəsində bildirib ki, mənzil almaq istəyində olanların iki faizinin arzusu gerçəkləşəcək:
“10 min nəfərin qeydiyyatdan keçdiyini nəzərə alsaq, bu istəkdə olanların 2 faizindən azı mənzilə sahib olacaq. Bu isə o deməkdir ki, sosial ev axtaranların 98 faizi mənzil seçimi edə bilməyəcək. Təbii ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) hazır olan evləri satışa çıxarır. Bütövlükdə, Yasamal Yaşayış Kompleksində 1843 ailə mənzillə təmin ediləcək. Bu isə o deməkdir ki, kompleks mövcud qeydiyyatdan keçmiş tələbin 18 faizindən bir az artdığını ödəyəcək. Satışda mənzil sahib olacaq ailələrlə seçim edə bilməyənlərin nisbətinə diqqət yetirsək, deyə bilərik ki, elektron satışda iştirak edənlərin böyük əksəriyyətinin ev alması texniki baxımdan mümkün deyil. Ən azı ona görə ki, mənzillərin sayı məhduddur. Aydındır ki, MİDA Yasamalda və daha sonra Hövsanda mənzilləri mərhələli şəkildə satışa çıxaracaq və tələb də mərhələli şəkildə ödəniləcək. Agentliyin tələbi tam və ya əsasən qısa zamanda ödəməsi texniki baxımdan mümkün də deyil”.
Satış zamanı narazılıqların olmaması və eləcə də prosesin daha da təkmilləşdirilməsi üşün iqtisadçı aşağıdakıların tətbiqini məqsədəuyğun hesab edir:
1. Əvvəllər də qeyd etdiyimiz kimi, güzəştli mənzil seçimində “first-come, first-served” prinsipli seçimi birmənali qarşılanmır. Doğrudur, belə seçim şəffaflığın təmin edilməsi üçün texniki imkanlar yaradır, kənar müdaxilələri minimumlaşdırır və əslində uyğun Strateji Yol Xəritəsində də bu meyar qeyd edilib. Bununla belə, “first-come, first-served” və ya “ilk müraciət ilk mənzil” prinsipinin özünün qruplaşdırılması mümkündür və bu zaman ev sahibi ola bilməyənlərin arasındakı inamsızlığı aradan qaldırmaq olar. Çünki mövcud qaydalara görə, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir. Aydındır ki, bu yanaşma daha çox texniki vərdişlərlə bağlıdır. Bu baxımdan güzəştli kateqoriya prinisipi saxlanılmaqla “çevik seçim” mexanizmi çərçivəsində sosial sub-qruplaşmada tətbiq olunması vacibdir. Daha məqsədə uyğun olardı ki, MİDA müraciətlərinin sosial struktruna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar (həsas qruplar) evlə təmin edilməlidir. Həsas qrupların müəyyənləşdirilməsində qanunvericilikdə boşluq olduğu halda bununla bağlı hüquqi bazanın möhkəmləndirilməsi mümkündür. Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər. Xüsusən də himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədə uyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir. Çoxuşaqlı, evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil oluna bilər. Sonrakı mərhələdə isə digər sosial qrupların güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bu zaman isə satışda potensial 10 min nəfər eyni vaxtda deyil, mərhələli şəkildə iştirak edəcək və bu da seçim zamanı fərqli səbəblərdən yaranan narazılığı və inamsızlığı ciddi şəkildə azaldacaq.
2. 2019-cu ildə dövlət büdcəsinin xərclərinin 17 faizi artacağını nəzərə alsaq, bu istiqamətə daha çox vəsaitin ayrılması mümkündür. Belə ki, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Mənzillərin qiyməti həmin ərazidə yerləşən anqloji mənzil ilə müqayisədə aşağı olsa da belə, sosial mənzillərin qiymətinin daha da ucuzlaşması məqsədəuyğundur. Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün. Xərcin kompensasiya edilməsi nəticə etibari ilə qiymətin aşağı düşməsinə gəririb çıxardacaq. Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq. Odur ki, biz xərcin üçdə birinin dövlət tərfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır. Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqli mənzilin qiyməti 31521 manata, 3 otaqli mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqlı mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər.
3. MİDA tərəfindən hər elektron satışda mənzil alan şəxslərin ad və soyadları və onların hansı güzəştli qrupa aid olunması ilə bağlı listin mətbuat vasitəsi ilə yayımlanması və agentliyin internet səhifəsində yerləşdirilməsi vacibdir. Hazırkı iqtisadi islahatların hədəfinin şəffaflığın gücləndirilməsi oduğundan, bu, sosial evlərin satışı zamanı şəffaflığın və hesabatlılığın artmasına səbəb ola bilər. Nəticədə, sosial mənzillərin satışına inamı gücləndirər. Mənzil sahib olanlar ilə bağlı məlumat kommersiya sirri hesab edilməməlidir və MİDA həmin məlumatların ictimailləşdirilməsi ilə bağlı öncədən potensial alıcılar ilə elektron anlaşma bağlaya bilər.
4. Ötən həftə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na edilən dəyişikliklər mütərəqqidir və bu baxımdan satış mexanizminin daha da təkmilləşdirilməsi imkanları var. Belə ki, yeniliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır. “Güzəştli mənzil” sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək. Digər dəyişiklik agentlik tərəfindən mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcək.
Qeyd edək ki, “güzəştli mənzil” sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək.
Ümid edək ki, mənzilə ciddi ehtiyacı olanlar evə sahib ola biləcəklər.