Azərbaycanda bahalaşma davam edir - İllik inflyasiya 14 %-ə yaxınlaşıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 %, qeyri-ərzaq məhsulları üzrə 108,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.
ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 %, ötən ilin noyabr ayı ilə müqayisədə 115,1 % olub.
Bu ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi oktyabr ayına nisbətən 101,2 %, ötən ilin noyabr ayı ilə müqayisədə 120,1 % təşkil edib. Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, azalma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.