Gələn il neft neçəyə satılacaq? - PROQNOZ
Dünyanın ən böyük investisiya banklarından biri – “Bank of America”nın analitiklərinin fikrincə, qarşıdan gələn 2023-cü il əmtəə bazarları üçün gərgin keçəcək.
Bu barədə xarici mətbuat “Bank of America”nın ekspertlərinin proqnozuna istinadən məlumat yayıb.
Bank analitiklərinin fikrincə, geosiyasətdəki gərginlik və Rusiya neftinə qarşı tətbiq olunan qiymət həddi kimi sanksiyalardan əlavə olaraq, qlobal bazar 2020-ci il koronavirus pandemiyasından bəri yığılan problemlərin nəticələrini hiss edəcək.
Proqnoza görə, 2023-cü ildə neftin bir barelinin orta qiyməti 100 dollara yaxın olacaq. Bununla belə, dünya miqyasında qüvvələr balansında baş verəcək hər hansı, hətta cüzi dəyişiklikdən bazar güclü dalğalanacaq.
“Bazarda qeyri-sabit tarazlıq yaranacaq ki, istənilən əsas oyunçu onu asanlıqla poza bilər”, – hesabatda qeyd olunub.
Bank ekspertlərinin fikrincə, əlavə qeyri-müəyyənlik, qlobal iqtisadiyyatda gözlənilən tənəzzüllə əlaqələndiriləcək.