Bakıya 12 metrlik avtobuslar gətirildi - VİDEO
Vətəndaşlara müasir, keyfiyyətli və təhlükəsiz müntəzəm sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etmək məqsədi ilə tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) ENA.az-a verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq son 7 ildə 1500 ədədə yaxın sərnişindaşıma tələblərinə cavab verən orta və iritutumlu avtobuslar gətirilərək istismara verilib.
Ümumilikdə müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 70%-i yenilənib. Avtobusların böyük əksəriyyəti dövlət investitisiyası hesabına alınıb. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən özəl daşıyıcı şirkətlər də avtobus parkının yenilənməsinə maraq göstərir.
Bu çərçivədə “Çinar-Trans” MMC qardaş Türkiyə Respublikasının “Anadolu İsuzu” şirkətindən 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobus alıb. AVRO-6 standartlarına cavab verən “İsuzu Citiport CNG” markalı avtobusların 15 ədədi gətirilib. Daha 10 ədəd avtobus isə yaxın vaxtlarda paytaxta çatdırılacaq.
Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən 15 ədəd avtobus 202 nömrəli müntəzəm marşrut xətti üzrə istismara buraxılacaq. Gündəlik 13 min nəfərdən artıq sərnişinin istifadə etdiyi 202 nömrəli marşrut xətti üzrə hazırda istismarında olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil.
Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Biləcəri qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək. Gətiriləcək digər 10 ədəd avtobus isə “Çinar-Trans” MMC-nin istismarında olan 133 nömrəli xətt (Binəqədi qəsəbəsi-Gənclik m/st-sı) üzrə daşımalara cəlb olunacaq.