“Azərbaycan xalqı bizim gözümüzün nurudur” - Xameneinin müşaviri
“Əgər bir gün Azərbaycan xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycanın yanında olacaq”.
ENA.az xəbər verir ki, bunu İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
Onun sözlərinə görə, son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar:
“Bu, İrana namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır.
İran bu gün də region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir və regionda heç bir ölkənin ərazisində gözü yoxdur. Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir.
Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır və onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq. İran bu gün elə bir qüdrətə malikdir ki, düşmənləri, o cümlədən Amerika və sionizm onunla hesablaşır, lakin qüdrətimiz dostlarımıza deyil, düşmənlərimizə, Azərbaycanın düşmənlərinə və qonşu dövlətlərin düşmənlərinə qarşıdır”.