Azərbaycanda ət və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 86%-dir
Azərbaycan özünü meyvə-tərəvəz və yumurta ilə tam yerli istehsal hesabına təmin edir.
“Bu gün Azərbaycan yerli istehsal hesabına özünü meyvə-tərəvəz, taxıl və yumurta ilə 100 faiz təmin edir. Ət və süd məhsulları ilə özünütəminat 85-86% səviyyəsindədir”, - deyə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Buğdanın istehsal həcminə gəlincə, nazirlik vurğulayıb ki, istehsal həcmləri daxili bazarı 60% təmin etməyə imkan verir.
“Təbii resurslar məhdud olduğundan yerli fermerlər tərəfindən tələb olunan həcmdə və ya keyfiyyətdə, eləcə də münasib qiymətə istehsal oluna bilməyən ərzaq məhsulları daha sərfəli şərtlərlə idxal olunur. Bu məhsulların saxlanması və emalı üçün müvafiq anbar infrastrukturu və istehsal sahələri yaradılıb”, - deyə nazirlikdən bildirilib.
Kənd Təsərrüfatı Nazirliyi vurğulayıb ki, son illər Azərbaycanda dövlət dəstəyi ilə 400 min tonluq soyuducu anbarlar və 1,9 milyon ton taxıl üçün elevatorlar yaradılıb.