Sosial iqtisadiyyat

Zəngəzur dəhlizinin açılması Çindən yüklərin çatdırılma vaxtını 2 həftə azaldacaq

Zəngəzur dəhlizinin açılması Çindən Azərbaycana və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından 2 həftə daha tez çatması deməkdir.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.

O qeyd edib ki, vaxta qənaət edilməsi sahibkarlar üçün önəmlidir, bu eyni zamanda qiymətlərə də təsir edir: “Sahibkarlar bununla daha çox gəlir əldə edəcək. Gürcüstan limanlarının qiyməti bahadır və alternativi yoxdur. Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa, bu, ikiqat ucuz başa gələcək. Eyni zamanda sərhəd-keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək”.

X.Həsənli qeyd edib ki, qlobal logistikada olduğu kimi regional daşınmada da Zəngəzur dəhlizi vaxt və xərc baxımından önəmlidir.

“Türkiyədən gələn TIR-lər Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan Asiyaya, eyni zamanda əksinə daha az vaxtda gedəcək və xərc də aşağı olacaq. Zəngəzur dəhlizi eyni zamanda Orta Asiya ölkələrinin gübrə məhsullarının daşınması baxımından da əhəmiyyətlidir”, – X. Həsənli bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)