Gündəm

Yaponiya, ABŞ və Cənubi Koreya Şimali Koreyanın nüvə sınağına sərt reaksiya verəcək

Yaponiya, ABŞ və Cənubi Koreyanın liderləri Şimali Koreyanın ballistik raket buraxılışlarını tənqid ediblər və Pxenyan nüvə sınağı keçirəcəyi təqdirdə buna sərt reaksiya göstərəcəklərini bildiriblər.

Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya Prezidenti Yun Sok Yolun noyabrın 13-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində keçirilmiş üçtərəfli görüşdən sonra qəbul etdikləri birgə bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, Şimali Koreyanın cari ildə görünməmiş sayda ballistik raket sınaqları Koreya yarımadasında və ətraf ölkələrdə sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Üç ölkənin liderləri Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməyə çağırırlar.

Sənəddə qeyd edilir ki, Pxenyanın nüvə sınağı da beynəlxalq ictimaiyyətin güclü və sərt cavabı ilə qarşılanacaq. Bildirilir ki, Yaponiya, ABŞ və Cənubi Koreya bütün müvafiq sanksiyaların tam şəkildə tətbiq edilməsini təmin etmək üçün fəaliyyətlərini əlaqələndirəcəklər.

Bəyanatda ABŞ-ın nüvə silahı da daxil olmaqla, bütün imkanlarla Yaponiya və Cənubi Koreyaya sadiqliyi və onlara qarşı yaranan təhdidlərin aradan qaldırılması üçün genişləndirilmiş çəkindirmə qabiliyyətini gücləndirmək öhdəliyi vurğulanır.

Sənəddə əlavə edilir ki, liderlər hər bir ölkənin Şimali Koreyanın buraxdığı raketlərin yaratdığı təhlükəni aşkar etmək və qiymətləndirmək qabiliyyətinin təkmilləşdirilmək, həmçinin regionda sülh və sabitliyi qorumaq məqsədilə bu ölkəyə qarşı çəkindirmə tədbirlərinin tətbiqi barədə məlumatları bölüşmək niyyətindədirlər.

Bundan əlavə, bəyanatda deyilir ki, sülh və diplomatik həll üçün dialoqa gedən yolun açıq olduğunu qeyd edən liderlər Şimali Koreyanı danışıqlara qayıtmağa çağırırlar.

Sənəddə, həmçinin liderlərin oğurlanmış Yaponiya vətəndaşları məsələsinin dərhal həllinə sadiq olduqlarını bir daha təsdiqlədikləri də əksini tapıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)