AZAL-la Tbilisiyə uçanların sayı 9% artıb
2018-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 95 052 sərnişin daşıyıb.
Bu barədə qonşu ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Məlumata görə, bu, 2017-ci illə müqayisədə 8 008 nəfər və yaxud 9,1% çoxdur. Ötən il Azərbaycanın milli aviadaşıyıcısının Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edib.
Qeyd edək ki, 2017-ci il sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşları həm də AZAL-ın nəzdində yaradılmış “Buta Airways” aşağı büdcəli aviaşirkəti həyata keçirir.
Ötən il xarici aviaşirkətlər Gürcüstana, ümumilikdə, 4 950 334 sərnişin daşıyıb. Sərnişinlərin sayına görə ilk üçlükdə Macarıstanın lou-kosteri “Wizz Air” (587 179 nəfər), “Türk Hava Yolları” (559 749 nəfər), “Gürcüstan Hava Yolları” şirkəti (550 831 nəfər) yer alıb.